Fontu böyüt:
Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.Toplantıda Qeydiyyat prosesinin gedişi ilə bağlı müzakirələr aparılıb. Müsabiqənin gedişində aktivliyin artırılması istiqamətində tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib. Bu istiqamətdə reklam işlərinin təşkili, fərdi qaydada müraciətlərin edilməsi, yaxın vaxtlarda Milli kontentlə bağlı Dəyirmi Masanın keçirilməsi və s. bir sıra digər maarifləndirici tədbirlərin keçirilməsi vacib hesab olunub
Müzakirələrdə istifadəçilər tərəfindən Təşkilat Komitəsinə ünvanlanan müraciətlər, şikayətlər və təkliflərlə bağlı məlumat dinlənilib.
Yenidən edilən müraciətlər əsasında bir sıra hallarda qeydiyyatdan keçən saytların Nominasiyalarında dəyişikliklər aparıldığı bildirilib. Həmçinin daha uğurlu Nominasiya seçimi ilə bağlı Qeydiyyatdan keçən sayt sahiblərinə TK tərəfindən müraciətlərin edilməsi məqsədəmüvafiq hesab olunub.
Xeyli sayda saytların qeydiyyatdan keçiməməsinin səbəbimin də Milli Net –in kodunun saytda yerləşdirilməməsi olduğu qeyd edilib. Bu qurumlara müvafiq kodun yerləşdirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.
Müsabiqə Komissiyası üzvləri ilə görüşün növbəti həftədə keçirilməsi qərara alınıb.
Təşkilat Komitəsi tərəfindən müəyyən olunan xüsusi nominasiya ilə bağlı müzakirə aparılıb. Bu nominasiya üzrə qeydiyyatın aparılmadığı diqqətə çatdırılıb. Bu cür nominasiyalar üzrə mükafatların isə xüsusi ekspertlər və uyğun sahə üzrə qurumların rəyi əsasında Təşkilat Komitəsinin qərarı ilə həyata keçiriləcəyi haqqında məlumat verilib.
Müzakirələrdə bir daha müxtəlif mərhələlərdə keçiriləcək səsvermənin prinsipləri və detalları ətrafında müzakirələr aparılıb və ümumi rəy əldə olunub. Hər bir qiymətləndirmə istiqaməti ( dizayn, funksionallıq və kontent) üzrə zəruri kriteriyaların açıqlamasının hazırlanması və Münsiflər Komissiyasına təqdim edilməsi məqsədəuyğun hesab edilib.
Müzakirələrdə Müsabiqənin daha uğurlu keçirilməsi ilə bağlı digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki,Milli Net Azərbaycan İnternet Forumu tərəfindən ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək məqsədilə təsis olunan Milli İnternet mükafatıdır.
01 oktyabr 2009-cu il tarixindən başlayaraq müsabiqədə qeydiyyat start götürüb. Qeydiyyat prosesi noyabrın sonunda yekunlaşacaq. İddiaçılar 2 ay müddətində www.millinet.az saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.