Fontu böyüt:
2011-ci ilin yanvar ayından etibarən “Google” şirkətinin bütün əməkdaşlarının əmək haqları 10 faiz artacaq.
Xəbərlər.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Google” əməkdaşları 1000 dollar məbləğində bayram mükafatı alacaqlar. Bu mükafatdan tutulacaq vergini də şirkət öz öhdəsinə götürür. Bundan əlavə, illik bonusların bir hissəsi əmək haqqına əlavə olunur.
“Google”nin icraçı direktoru Erik Şmidt bu artım barədə elektron poçt vasitəsilə 23 min əməkdaşa xəbər verib. İcraçı direktor öz məktubunda şirkətin “mənəvi tərəqqiyə” doğru getdiyini bildirib. Qeyd edək ki, bu əməkhaqqı artımı təsadüfi sayılmır. Çünki “Google” şirkəti yüksək perspektivli kadrların itkisi ilə üzləşib. Şirkətin 118 əməkdaşı “Facebook” sosial şəbəkəsinin sıralarına keçib. Bu cür kadr axınının qarşını almaq məqsədilə “Google” öz əməkdaşlarına əlavə maddi vəsaitlər təklif edir.