Fontu böyüt:
Azərbaycanda yeniyetmələr üçün ilk elmi kütləvi jurnal - "Junior" çapa buraxılıb. "Junior" jurnalı Fransada çap olunan "Junior Science and vie" jurnalının əsasında çap olunub.
Jurnalda kompüter oyunları, elmi-texniki sahədə yeni xidmətlər, tapmacalar, krossvordlar, komikslər əhatə olunur. Jurnalın birgə təsisçiləri Şamil Nəcəfzadə və Xoşqədəm Baxşəliyevadır. Jurnalın nəşrini "Simurq" studiyasi və "Vol publishing Caucasus ltd" həyata keçirir.
Jurnalın təqdimat mərasimində Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib ki, hazırda oxuyanların sayının azalması cəmiyyətin ən mənfi cəhətidir. O, jurnalın məktəblilər arasında maariflənmənin və biliyin artırılmasında böyük rol oynayacağına əmin olduğunu bildirib.
"Uşaqların maariflənməsi üçün müxtəlif resurslar var - internet, televiziya, amma mən hesab edirəm ki, kitab və jurnalı heç nə əvəz edə bilməz", - M.Mərdanov deyib.
Təqdimat mərasimində "Junior Science and vie" jurnalının baş redaktoru Lopus Junier və Beynəlxalq nəşrlər birliyinin rəhbəri Marius Bjelius iştirak edib.
"Junior Science and vie" jurnalı Fransada 20 ildir çap olunur və 1 ildir ki, Gürcüstanda gürcü dilində çap olunur.