Fontu böyüt:
"Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır. Hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir".
Bu sözləri Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Oxucular isə bu fikirlə qəti razı deyillər. Bu xəbərlə bağlı Azadlıq Radiosuna gələn bəzi şərhləri təqdim edirik.
Şekuriksz Çindən yazır:
"Mən 2005-ci ildə Çinə gələndə dial up ləğv olundu, adsl quraşdırılmağa başlandı. Bu il-2010-cu il aprel ayından başlayaraq da 4 MB-den aşağı adsl bağlantısı yığışdırıldı yalnız 4 mb və yuxarı qaldı. Burda 4 mb aylıq limitsiz qoşulma haqqı Azerbaycanda 256 kb-in qiymətindən daha ucuzdu. Hələ bu kommunist və inkişaf etməkdə olan Çindi, Amerika, Avropa, Yaponiyani siz təsəvvür edin və nə qədər geri qaldığımızı və dünyadan xəbəri olmayan nazirlər tərəfindən idarə olunduğumuzu düşünün".
Jo yazır :
"Özünü Qırğızıstanla, Moldova ilə müqayisə edib fəxr edən bir nazir müavinindən nə gözləyəsən? Bir də deyirlər ki, həyatda 3 cür yalan olur: adi yalan, ağ yalan və statistika".
Aqil yazır :
Bu cümlə nə deməkdir?
"Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır".
1) İnternetin sürətinin əhalinin sayı ilə nə əlaqəsi var? Mən bunu başa düşə bilmirəm. Biri mənə başa salsın.
2) Azərbaycanda internet sürətli deyil. Provayderlərin hamısı aldıqların pulun müqabilində yarım yamalaq xidmət edirlər. Alıcı ödədiyini ala bilmir.
3) Azərbaycanda dial-up deyilən bir şey var ki, insanlara cəhənnəm əzabı çəkdirir.
4) Son günlərdə bundan böyük yalan görmədim, duymadım.
5) MDB deyilən bir şey yoxdur, heç bir funksiyası və icra mexanizmi olmayan uydurma bir şeydir. Hər şeyi MDB ölkələri ilə müqayisə etmək kompleks və əziklikdir.