Fontu böyüt:
Bu gün Bakıda “Avropa” otelində Amerikanın İREX təşkilatı, Milli Televiziya və Radio Şurası (MRTŞ), Media Hüquqları İnstitutu və Media Mərkəz tərəfindən yayım standartlarına həsr olunan beynəlxalq konfrans keçirilib. Konfransda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı məlumat verib. Şura sədri sözügedən mövzu ilə bağlı Azərbaycanda görülən işlər və gələcək perspektivlərdən bəhs edib.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz vətəndaş cəmiyyəti nümayəndələrinin və hətta MRTŞ-nin tezliklər üzrə dövlət komissiyasında təmsil olunmamasını tənqidə məruz qoyub. Komissiyaya yalnız xüsusi xidmətlərin və güc qurumlarının əməkdaşları daxiuldir, buna görə onu “general” idarəsi adlandırırlar.
Osman Gündüz qeyd edib ki, rəqəmsal yayımda vətəndaşlar üçün xüsusi pulsuz sosial paket hazırlanmalıdır: "Bu paketə ictimai- sosial əhəmiyyətli kanallar daxil olmalıdır. Eyni zamanda rəqəmsal yayıma uyğun keyfiyyətli telekontent hazırlanmasına toxunub.
Bundan əlavə O.Gündüz bildirib ki, hökumət 2012-ci ilə qədər rəqəmsal yayıma keçidi yekunlaşdırmaq istəyir. Lakin bu proses problemlərin normal və konstruktiv həlli üçün Avropada olduğu kimi 2015-ci ilə qədər ardıcıl surətdə icra olunmalıdır. Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı ən ciddi problem isə hazırda ölkədə 99.9% televizorların rəqəmsal yayım siqnalını qəbul edə bilməməsidir. Buna səbəb siqnalın qəbulu üçün nəzərdə tutulan dekoder qurğusunun olmamasıdır. Yalnız bu qurğunu televizorlarına qurşadırmaqla vətəndaşlar rəqəmsal yayım siqnalını televizorlarında qəbul edə biləcəklər: Bu qurğunu da vətəndaşlara baha qiymətə satmaq istəyirlər ki, buda yolverilməzdir. Yaxşı olardı ki, bu kimi neqativ halların qarşısını almaq üçün, bu qurğu pulsuz paylanılsın və yaxud da ən azından sosial təminatı zəif olan vətəndaşlar bu qurğuya heç bir ödəniş etmədən sahib olsunlar."
Lakin Məhərrəmli tezliklərin paylanmasında komissiyanın tərkibi ilə bağlı heç bir problem olmadığını qeyd edib. Tezliklər isə kifayət qədər çoxdur. Yayım üçün lisenziya verilməsində məhdudiyyətlərə gəlincə, bu, başqa məsələlərlə: reklam bazarının məhdud olması, yayım qurumlarının zəif maddi-tezniki bazası, kadr çatışmazlığı və Azərbaycanın kiçik ölkə olması, onun üçün 9 ümummilli telekanalın “kifayət qədər çox olması” ilə bağlıdır.
Konfransda Avropa İttifaqı ölkələrində teleradio yayımının tənzimlənməsi ilə bağlı təcrübələr bölüşdürülüb. Kristian Mititelu Rumıniya, Osko Georgiy isə Macarıstan Teleradio Yayım şuralarının fəaliyyəti və səlahiyyətləri iə bağlı məlumat veriblər. Gürcüstanın media eksperti Laşa Tuqusi yayım standartları ilə əlaqədar ölkəsinin təcrübəsindən danışıb.