Fontu böyüt:
Xidmətin hədsiz keyfiyyətsizliyi barədə şikayətlər son bir neçə gün ərzində daha da intensivləşib
Məlum olduğu kimi, Azərbaycanda 3 mobil operator -Azercell, Bakcell və Azərfon fəaliyyət göstərir. Sözügedən mobil operatorlar müxtəlif illərdə ölkədə fəaliyyətə başlasa da, əhaliyə xidmətdə göstərdikləri keyfiyyət də bir-birindən fərqlidir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda fəaliyyətə başlayan ilk mobil operator Bakcell şirkəti olub. 1994-cü ildən ölkədə fəaliyyət göstərən şirkətin bu günlərdə açıqladığı məlumata görə, abunəçilərinin sayı 2 milyona çatıb. Bakcell ötən il apardığı kampaniya çərçivəsində danışıq tariflərinin qiymətini aşağı saldı və abunəçilərə təqdim etdiyi konturların miqdarını artırdı. İlk əvvəl belə təəssürat yarandı ki, həqiqətən də sözügedən mobil operator abunəçilərə ucuz və keyfiyyətli rabitə xidməti göstərməyi qarşısını məqsəd qoyub. Ancaq çox keçmədən...
Məsələ ondadır ki, son vaxtlar sözügedən mobil operatordan istifadə edən abunəçilərin şikayətləri xeyli artıb. İş o yerə gəlib çatıb ki, əlaqə saxlanılan zaman tez-tez əlaqə qırılır, ya da səs kəsik-kəsik gəlməyə başlayır, rabitə yarıda dayanaraq donur. İstər bayram günləri, istərsə də bayram olmayan günlərdə bu cür hallar tez-tez baş verir. Kənd rayonlarında isə Bakcellin xidmətindən ümumiyyətlə danışmağa dəyməz. Abunə xidmətinə görə yaranan cüzi borcdan ötrü günün-günorta çağı xidmət bağlanır. Bu gecə yarı baş versə, yenə dərd yarıdır.
Bakcell operatorunda mövcud olan texniki problemlərlə əlaqədar sözügedən şirkətin mətbuat xidmətinin rəhbəri İlham Əfəndiyevə müraciət etdik. O, bu məsələyə şərh vermək səlahiyyətində olmadığını bildirdi və şirkətin sözçüsü İlham Quliyevə müraciət etməyimizi tövsiyə etdi. Bununla bağlı İ.Quliyevə telefon açsaq da, o, verdiyimiz suala şifahi cavab vermək səlahiyyətində olmadığını bildirdi. O üzdən onlara yazılı müraciət etməyimizi tövsiyə etdi. Beləcə, Bakcellə bağlı mövcud problemlər barədə şirkətin rəsmilərindən cavab ala bilmədik. Dünən və srağagün redaksiyamızla əlaqə saxlayan abunəçilər belə davam edərsə, mobil şirkətin xidmətlərindən imtina etmək həddində olduqlarını da əlavə etdilər. Bakcelldə nə baş verir?//Bakı-Xəbər qəzeti