Fontu böyüt:
Yaxın zamanlarda Azərbaycanda yeni beynəlxalq televiziya açılacaq. Bu barədə APA-ya eksklüziv açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, “Azerbaijan İnternational” adlandırılacaq yeni beynəlxalq televiziya ingilis, rus, fars, türk və erməni dillərində xəbərlər, verilişlər yayımlayacaq. Yaxın günlərdə televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçiriləcək və müzakirələr aparılacaq: “Bu ay yeni televiziyanın açılması ilə əlaqədar müsabiqə elan olunması barədə qərar verilə bilər. Biz artıq bununla bağlı müzakirələrə başlamışıq”. O, beynəlxalq televiziyanın açılması ilə bağlı Şuraya özəl şirkətlərdən müraciətlərin daxil olduğunu, müzakirələrin də məhz bu müraciətlər əsasında aparıldığını qeyd edib.
Yeni beynəlxalq televiziyanın hansı tezlikdə yayımlanacağı isə hələ müəyyənləşməyib. N. Məhərrəmli MTRŞ-nın ehtiyat tezliklərinin olduğunu, bununla bağlı heç bir problem yaranmayacağını vurğulayıb. O, yeni kanalın dövlət hesabına yox, özəl fəaliyyət göstərəcəyini də sözlərinə əlavə edib.
N. Məhərrəmli yeni beynəlxalq televiziyanın açılmasının hansı zərurətdən yaranmasına da aydınlıq gətirib: “Son zamanlar Azərbaycan xarici televiziyaların, radiostansiyaların yayımının dayandırılması ilə bağlı qərarlar qəbul etdi. Amma bizim ölkəmizdə bununla razılaşmayan insanlar var. Bəziləri dedi ki, rus dilində kanal olsun, bəziləri başqa dillərdə kanalların olmasını istəyir. Biz bütün beynəlxalq praktikanı öyrənmişik. Ən optimal variant ölkədə beynəlxalq televiziyanın yaradılmasıdır. Bu televiziyada bir yox, bir neçə xarici dildən istifadə olunacaq. Yeni televiziyada hansı dilə nə qədər zaman ayrılacağını isə müsabiqədə qalib gələcək şirkət müəyyənləşdirəcək. Biz də bununla bağlı müzakirələr aparacağıq”. APA