2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Artıq bu sektor ölkəmizdə ən prioritet sahələrdən biri hesab edilir.
2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Artıq bu sektor ölkəmizdə ən prioritet sahələrdən biri hesab edilir.
Bu baxımdan vətəndaş-məmur münasibətlərində də informasiya-kommunikasiya texnologiyalarından istifadə qaçılmaz görünür. Ekspertlərin fikrincə, ölkəmizdə yeni olan bu sistem məmur süründürməçiliyinin və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayacaq, vətəndaşların informasiya mübadiləsi, ünsiyyət texnologiyasının yaradılması, dövlətin qəbul etdiyi qərarlara təsiri və onlara müdaxiləni asanlaşdıracaq.
Bəs hazırda ölkəmizdə dövlət qurumlarına elektron müraciət hansı səviyyədədir? Vətəndaşlarımız buna maraq göstərirlərmi, dövlət qurumlarımız hazırdırlarmı? Apardığımız monitorinqlərin nəticələri göstərir ki, mərkəzi dövlət qurumlarının əksəriyyətində elektron müraciət üçün imkanlar var.
İstənilən şəxs vaxt itirmədən, iş başında şikayət və müraciətlərini rahat şəkildə istədiyi dövlət qurumuna ünvanlaya bilər. Bunun üçün hər hansısa məbləğ də ödəməyə ehtiyac yoxdur. Bununla vətəndaş öhdəsinə düşəni edərək, qarşı tərəfə onu narahat edən məsələ barəsində məlumat ötürür. Şikayətçinin məsələsinə baxılıb-baxılmaması isə yenə də məmurun öz vicdanına qalır.
Elektron müraciətin əsas üstünlüklərindən biri də odur ki, vətəndaş işini həll etmək üçün rüşvət vermək məcburiyyətində qalmır. İndiyədək narazı tərəf şikayətinə baxılması üçün dövlət qurumuna müraciət edərkən, bəzən bir xeyli gözləməli olur, hətta işini yüngülləşdirmək üçün “hörmət” qarşılığında məsələsini növbədənkənar həll edirdi. Aydındır ki, məmura və işin böyüklüyünə görə “qiymətlər” də dəyişirdi. Bu isə korrupsiyanın sürətlə artımına şərait yaradırdı. Əslində “elektron hökumət”ə keçid barədə qərarın qəbul edilməsini rüşvətxorluğun aradan qaldırılmasına və şəffaflığın bərpasına qarşı düşünülmüş strategiya da hesab etmək olar.
“Nə baş verdi, hansı səviyyədə qaldı, müraciətin nəticəsi nə oldu”
Mövzu ilə bağlı suallarımızı cavablandıran Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dedi ki, dövlət qurumlarına elektron müraciətlə bağlı araşdırmalar aparıblar. Məlum olub ki, mərkəzi dövlət qurumlarının əksəriyyətində “elektron müraciət” üçün imkanlar qoyulub. Bəzilərində bu sistem daha intensiv, bəzi dövlət orqanlarında isə daha ağır mexanizmlərlə işləyir.
Osman Gündüzün sözlərinə görə, elə saytlar var ki, vətəndaşlardan özləri haqqında daha çox informasiya tələb olunur: “Vətəndaş bu məlumatlar üçün nəzərdə tutulmuş boşluğu doldurmağa məcburdur. Elə qurumlar da var ki, elektron müraciət olunan kimi dərhal vətəndaşla əlaqə saxlanılır, informasiya mübadiləsinə girilir. Amma əksəriyyətində müraciətdən sonra bilinmir ki, nə baş verdi, hansı səviyyədə qaldı, müraciətin nəticəsi nə oldu. Yerli İcra Hakimiyyətlərində bu vəziyyət ifrat dərəcədədir. Bu orqanlarda sistem hələ özünün inkişaf etmiş səviyyəsinə gəlib çatmayıb”.
“Bizim üçün müraciət müraciətdir”
Vətəndaşların elektron müraciətlərdən istifadəsinə gəlincə, bununla bağlı sualımızı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı dedi ki, elektron müraciət edənlərin sayı az deyil: “Deməzdim hamı elektron müraciət edir. İnternet istifadəçisi olanların müəyyən bir hissəsi bu yolla müraciətə üstünlük verir, bu imkanlardan istifadə edir. Lakin internetdən istifadə edən tanışlarım da var ki, onlar bu sistemdən yararlanmırlar.
F. Talıblı hesab edir ki, dövlət tərəfindən bu sahənin inkişafına kifayət qədər vəsaitin ayrılması gələcəkdə rayonlarda da internet istifadəçilərin sayının artması ilə nəticələnəcək.
“Elektron müraciətlər nə ilə bağlıdır?” sualımıza komitə rəsmisi belə cavab verdi: “Müraciətlərdə narahatedici faktlar, təklif və ya sorğular öz əksini tapır. İstər zənglə, istər elektron yolla edilən müraciətlər arasında heç bir fərq qoymuruq. Bizim üçün müraciət müraciətdir. Bizdə əsaslı sübutu olan, müvafiq qaydada qanunvericiliklə səlahiyyətimizə daxil olan müraciətlər araşdırılır. Müraciətlər rəsmiləşdirilir, qeydiyyata salınır və icraata göndərilir”.
F. Talıblı da hesab edir ki, gələcəkdə elektron müraciətə üstünlük verənlərin sayı daha da artacaq. Türkan İman, zaman.az