Fontu böyüt:
“Microsoft” korporasiyası İnternet Explorer brauzerinin 9-cu versiyasında yeni təhlükəsizlik sistemini tətbiq edib. Söhbət İnternet istifadəçilərini izləmələrdən qoruyan, həmçinin şəbəkədə işləyərkən konfidensiallığı təmin edən “Tracking Protection” (“İzləmədən mühafizə”) texnologiyasının tətbiqindən gedir.
Texnologiya istifadəçilərin maraq dairəsində olan və həmçinin üstünlük verdikləri informasiyanın kənar şirkətlərə, xüsusən də İnternet-reklamçılara əlyetərli olmasını məhdudlaşdırmağa imkan verəcək. Tracking Protection-un işi istifadəçilər tərəfindən onlar haqda məlumatları toplayan saytların siyahısının tərtibindən asılı olacaq. Belə ki, siyahıya istifadəçilərin informasiya ilə bölüşmək istəmədikləri saytların ünvanları daxil ediləcək. www.microsoft.com saytının məlumatına görə, siyahıların yenilənməsinə fərdi məlumatların mühafizəsi və reklamla mübarizə təşkilatları nəzarət edəcək.
Qeyd edək ki, alətin tətbiqi bunun biznesə ziyan vuracağından ehtiyatlanan bəzi reklam şəbəkələrinin böyük etirazına səbəb olmuşdur. // ikt.az