Fontu böyüt:
Yaxın vaxtda abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Gəncədə Next Generation Network (NGN) (Yeni nəsil texnologiyası) tətbiqinə başlanılır. Bu barədə məlumatı Gəncə Telekommunikasiya İdarəsinin (Tİ) rəisi Əli Hüseynov bildirib.
Onun sözlərinə görə, yeni sistem xidmətlər spektrini genişləndirməyə və müasirləşdirməyə imkan yaradacaq. Gəncə Tİ-nin rəisi qeyd edib ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinin montaj işlərinin aparılmasına dair elan etdiyi tenderin qalibi artıq müəyyən olunub.
Yeni sistemin tətbiqi zamanı Çinin «Huawei» şirkətinin avadanlığından istifadə olunacağı nəzərdə tutulub. Ə. Hüseynov həmçinin bildirib ki, NGN texnologiyasının Gəncədə tətbiqi zamanı 54 və 55 saylı analoq tipli ATS-lərin elektronlaşdırması üçün imkan yaranacaq.
Ə. Hüseyon onu da bildirib ki, bundan əlavə adi telefon şəbəkəsi vasitəsilə virtual lokal şəbəkə yaratmaq imkanı verən VPN xidmətləri, telefonla səsvermə xidmətləri, Triple play (IP-telefoniya, IP-TV, məlumat ötürülməsi, sürətli internet) və digər xidmətlərin təqdim olunacağı da nəzərdə tutulub.
Qeyd edək ki, «Aztelekom» Azərbaycanın regionlarında ilk dəfə NGN texnologiyasını Şamaxıda tətbiq edib. «Elektron Azərbaycan»ın kiçik modeli kimi reallaşdırılan «Elektron Şamaxı» layihəsinin həyata keçirilməsi nəticəsində Şamaxı rayonunun mərkəzində və 23 kənd yaşayış məntəqəsində quraşdırılmış NGN şəbəkəsi ötən ilin sonunda əhalinin istifadəsinə verilib.