Fontu böyüt:
Fevralın 16-19-da Barselonada Dünya GSMA Konqresinin növbəti toplantısı keçirilir. 200 ölkədən təmsilçinin qatılacağı bu beynəlxalq konfransda “Azercell” şirkətinin nümayəndə heyəti də iştirak edir.
“Azercell” şirkətindən Xeberler.az-a verilən məlumata görə, 2009-cu ildə baş tutacaq konqresin ötən ilkinə nisbətən daha iri miqyaslı olacağı gözlənilir. Çünki bu il mobil texnologiyalar sahəsində öz məhsullarını nümayiş etdirmək istəyən şirkətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, konqresin işində 50 mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.
Konfransda mobil texnologiya aləminin nəhəngləri – “AT&T”, “Microsoft”, “Nokia”, “Telefonica”, “TeliaSonera” şirkətlərinin rəhbərləri ilə yanaşı “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan da iştirak edir. Bununla da “Azercell” artıq üçüncü dəfədir ki, GSMA Konqresində iştirak edir.
Barselonaya səfəri zamanı yeni təyin olunmuş “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan mobil rabitə dünyasının bir sıra nəhənglərinin rəhbərləri, o cümlədən GSM Assosiasiyasının rəhbəri Rob Konveylə görüşlər keçirəcək.
Konqresin məqsədi mobil telefon və simsiz rabitədə xidmət işinin qloballaşmasına nail olmaq, operator və mobil avadanlıq təchizatçıları üçün yeni imkanlar açılmasını, milli sərhədlər və mili şəbəkələri aşıb keçən mobil rabitənin gücləndirilməsini təmin etmədir. Hazırda GSM Assosiasiyasının üzvlərinin 2 milyarddan çox abonenti var. Ümumilikdə Dünya GSMA Konqresi müxtəlif seminar və forumlarla yanaşı, mobil industriyanın ən iri sərgisini də özündə birləşdirir. Burada dünyanın aparıcı mobil operatorları və müxtəlif avadanlıq təklif edən lider şirkətləri iştirak edirlər. Bu il konqres sərgisinə qatılacaq qurumlar sırasında Ericsson, Yahoo!, Motorola, MySpace, Vodafone və s. şirkətləri göstərmək olar. 200-dən çox mütəxəssisin çıxış edəcəyi bu tədbiri 2000-dən artıq media nümayəndəsi, o cümlədən “Azercell”-in dəstəyi ilə Barselonaya gedəcək azərbaycanlı jurnalistlər də işıqlandıracaq.