Fontu böyüt:
«Facebook» «Boeing»i ötüb-keçdi
20 yaşlı Harvard tələbəsinin universitet yataqxanasında yaratdığı şirkətin 6 ildən sonra
qiyməti 50 milyard dollar oldu. Söhbət Mark Zuckerbergin Facebook şirkətindən gedir.
50 milyard dollarlıq şirkət nə deməkdir?
Müqayisə üçün, bütün dünya üçün təyyarə buraxan Boeingin qiyməti “cəmi” 49 milyard dollar, media-kino nəhəngi Time Warnerin qiyməti 36 milyarddır.
REKLAMDAN 2 MİLYARD DOLLAR
İnternetdə sosial şəbəkə lideri olan Facebook ildə reklamdan 2 milyard dollar qazanır.
Reklamın çoxluğu da Facebook səhifələrinə girənlərin sayının çoxluğu ilə bağlıdır.
Məsələn, noyabr ayında Facebooka girənlərin sayı 647 milyon olub.
Facebook saytına girənlərin sayına görə dünya lideri olan İnternet axtarış şəbəkəsi Googe-u ilk dəfədir ki, ötdü.
Qiymətdə isə Google hələ də liderdir. Onun bazar qiyməti 200 milyard dollardır.
ZUKERBERG: “FACEBOOKU SATMARAM”
Facebook 50 milyard qiymətinə Goldman Sachs kimi nüfuzlu maliyyə şirkətinin 450 milyon dollar, Rusiyanın Digital Sky Technologies (DST) şirkətinin isə 50 milyon dollar investisiya qoymasından sonra çatdı.
Media eksperti Lou Kerner Frans Pressə deyib ki, Facebookun qiyməti 100 milyarda çata bilər.
Goldman Sachs şirkəti isə Facebooka investisiyalarını 1 milyard 500 milyon dollaracan artıracağını bildirir.
Facebookun qiymətinin belə qalxması ilə Zuckerbergin var-dövləti təxminən 13 milyard dollara çatır.
CBS televiziyasının proqramında qonaq olan 26 yaşlı Zuckerbergdən soruşublar ki, o, Facebooku satmaq istəmir ki?
Zuckerberg “qəti yox” cavabını verib.
O şirkətin səhmlərini birjaya çıxartmağa da tələsmir. Çünki bunu başağrısı hesab edir.
Facebook 2008-ci ildə yalnız öz işçiləri üçün səhmlər buraxmışdı. Şərt belə idi ki, Facebookun səhmləri birjaya çıxarılana qədər bu səhmləri satmaq olmaz.
FACEBOOKA KİM PUL QOYUB?
Birjaya çıxmayan Facebook ona investisiya qoyan payçılardan ibarətdir. Payçılar haqda dəqiq məlumat çox deyil. Amerika qanunlarına görə, payçıların sayı 500-i keçəndə şirkət öz payçıları haqda məlumat verməlidir.
Hələlik məlumdur ki, Microsoft Facebooka 240 milyon dollar qoyub.
Facebookda Rusiya şirkəti DST-nin 10 faiz payı var./// azadliq.org