Fontu böyüt:
Azərbaycanda ilk mobil operator olan “Bakcell” şirkətinə Riçard Şirerin baş icraçı direktor vəzifəsinə təyin olunub. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Riçard Şirer dünyanın bir sıra rəqabətli bazarlarında aparıcı telekommunikasiya şirkətlərinin fəaliyyətlərinin idarə edilməsində böyük təcrübəyə malikdir.
O, əsasən simsiz rabitə xidməti sahəsində telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. R. Şirer əvvəllər Malayziyada DiGi Telecom şirkətinin, eləcə də Bolqarıstanda Empower Interactive Group Ltd və BTC Mobile EOOD (Vivatel) şirkətinin baş icraçı direktoru vəzifələrində çalışıb. O, həmçinin Böyük Britanıyanın T-Mobile şirkətində kommersiya direktoru vəzifəsini icra edib və Mərkəzi və Şərqi Avropanın ən böyük telekommunikasiya şirkəti sayılan Telkomunikacja Polska SA-da İdarə Heyətinin üzvü olub.
Öz yeni təyinatına münasibət bildirən cənab Şirer bunları qeyd edib: “Mənim əsas vəzifələrimdən biri şirkətin bu günə qədər qazandığı uğurlara söykənərək abunəçi bazamızı genişləndirmək olacaq. Bakcell öz müştərilərini daha yaxşı xidmətlər və daha sərfəli qiymətlərlə sevindirməkdə davam edəcək”.
Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş iri miqyaslı investisiyalar sayəsində hazırda Bakcell əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir. Şirkətin abunəçilərin sayı 2.5 milyona çatıb.