Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti “ITU Telecom World 2009” sərgi və forumunda bir sıra ikitərəfli görüşlər keçirib.
RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun APA-ya verdiyi məlumata görə, səfər zamanı İran, Hindistan, İordaniya, Rusiya, Ukrayna, Cənubi Afrika Respublikası, Əlcəzair, Suriya, Bolqarıstan, Mavritaniyanın sahə nazirləri, ABŞ Dövlət Departamentinin İKT məsələləri üzrə xüsusi səfiri, “Ericsson” şirkətinin, “İntelsat”, “İntersputnik” kimi beynəlxalq süni peyk təşkilatlarının rəhbərləri və digər rəsmi şəxslər, eləcə də özəl sektorun nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib və müzakirələr aparılıb.
Bununla yanaşı, tədbir çərçivəsində 150-yə yaxın xarici nümayəndənin, həmçinin 7 nazirin və BTİ-nin baş katibi Hamadun Turenin iştirakı ilə “Azərbaycan günü” keçirilib.
BMT-nin baş katibi Pan Ki Munun sədrliyi ilə keçirilən sərgi və forumun açılış mərasimindən sonra baş katib və digər rəsmilərin ziyarət etdiyi 11 pavilyondan biri Azərbaycan pavilyonu olub. Azərbaycan pavilyonunda yerli mütəxəssislər tərəfindən hazırlanmış və İKT-nin ən yeni nailiyyətlərindən sayılan ingilis-Azərbaycan-ingilis tərcüməçi telefonu, Azərbaycanın təşəbbüsü olan “Trans Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi nümayiş etdirilib.
Sonra “TASİM: növbəti addımlar” mövzusunda təşkil olunan və 40-a qədər ölkənin 100-ə yaxın nümayəndəsinin (nazirlər, nazir müavinləri və sahə mütəxəssisləri) iştirak etdiyi forumda nazir Əli Abbasov təqdimatla çıxış edib.
Xatırladaq ki, oktyabrın 5-dən 9-dək Cenevrədə (İsveçrə) keçirilən “ITU Telecom World 2009” ümumdünya forumunda Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.