Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən ictimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqi aparılırdı.
Bu gün, 29 oktyabr 2009- cu il tarixində Multimedia Mərkəzi tərəfindən həmin monitorinqinin nəticələrinə həsr olunan, “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz Mərkəz tərəfindən 9 ay ərzində 50 dövlət qurumunun və 10 Bələdiyyənin internet resursunun monitorinqinin aparıldığını qeyd edib. Rəsmi saytların 67 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirilib. İnformasiya açıqlığı üzrə dövlət qurumlarının və Bələdiyyələrin növbəti Reytinq Cədvəlinin hazırlandığı və ictimaiyyətə təqdim edildiyi vurğulanıb. O, ictimai informasiyaların internet resurslar vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə bərabər hələ də ciddi problemlərin qaldığını bildirib.
Layihənin eksperti Azər Həsrət Mərkəz tərəfindən hazırlanan “İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin” konkret nəticələrindən ibarət Hesabatı və informasiya açıqlığı üzrə Reytinq Cədvəlini təqdim edib.
Hesabatda son yarım il ərzində dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet saytlarında yerləşdirilən informasiyanın kəmiyyət və keyfiyyət baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb.
Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (61%), RİTN (50%) və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (46%) tutub.
Reytinq Cədvəlində sonuncu yerlər isə Nazirlər Kabinetinə Müəllif Hüquqları Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə məxsusdur.
Müdafiə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytları isə hələ də hazırlanmayıb. 50 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 21 % təşkil edib.
Dəyirmi Masada İREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Əli Kərim, Təhsil Nazirliyinin nümayəndəsi Akif Əliyev, RİTN –nin rəsmi saytının redaktoru Rövşən Kazımov, AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbiyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi İradə İbrahimova Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov və digər nümayəndələr çıxış ediblər.
Çıxışlarda ictimai əhəmiyyət kəsb edən informasiyaların rəsmi saytlardan əldə edilməsi sahəsində son dövrlərdə müəyyən irəliləyişlərin olduğu bildirilib. Xeyli sayda dövlət qurumunun saytlarının tamamilə yenidən qurulduğu qeyd edilib. Bununla belə açıqlanması məcburi olan informasiyaların əksəriyyətinin hələ də saytlardan əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi qeyd olunub.
Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Monitorinq ACİ –Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilib.
Geniş məlumat www.informasiya.org –da yerləşdirilib.