Fontu böyüt:
Dünyada istehsal olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsullarının üçdə bir hissəsindən çoxu Çin və onun inzibati regionu Honkonqun payına düşür.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) yeni məruzəsində qeyd olunub. Beynəlxalq bazarlara çıxarılan İKT məhsullarının ümumilikdə 66,3 faizi Asiya regionunun payına düşür. Hətta 2009-cu ildə qlobal maliyyə böhranı zamanı Çinin kompüter, noutbuk, mobil telefon, televizor və digər müasir texnoloji məhsulların ixracından əldə etdiyi gəlir 356 milyard dolları təşkil edib.
ABŞ isə İKT məhsullarının xarici ölkələrdə satışından 113 milyard dollar məbləğində gəlir əldə edə bilib. Honkonqda bu göstərici 142 milyard dollara bərabər olub. Çinin bu inzibati regionunda ixracın 43 faizi məhz informasiya-kommunikasiya texnologiyalarının payına düşür. Sinqapur, Cənubi Koreya və Filippinin kimi ölkələrin də bu sahədə ümumi göstəriciləri 30 faizə yaxındır.