İyunun 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.
İyunun 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat vermişdir.
Tədbirdə rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Prezident İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələr haqqında məruzə ilə çıxış etmişdir. Nazir bildirmişdir ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş informasiya cəmiyyəti quruculuğu prosesi hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunan strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin və dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, həmçinin İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir.
Ə.Abbasov vurğulamışdır ki, Milli Strategiyada Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyulur. Belə ki, strategiyanın əsas istiqamətləri sırasında yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, elektron hökumətin, elektron təhsilin, elektron səhiyyənin, elektron vətəndaş cəmiyyətinin inkişafı, kadr hazırlığı, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişaf etdirilməsi kimi elm tutumlu məsələlər əksini tapır. Milli Strategiyanın həyata keçirilməsinə dair dövlət proqramı layihəsinin tədbirlər planındakı 82 tədbirdən 27-də AMEA-nın icraçı qurum kimi iştirakı nəzərdə tutulur.
Akademik Ə.Abbasovun məruzəsi Rəyasət Heyətinin qərarı ilə bəyənilmiş, tövsiyələr nəzərə alınmış və sözügedən dövlət proqramının layihəsi dəstəklənmişdir.
İclasda müzakirə edilən növbəti məsələ AMEA ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərkimya” İstehsalat Birliyi arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı olmuşdur. Birliyin Müşahidə Şurasının sədri Muxtar Babayev müəssisədə yaradılmış istehsalat sahələri və onların fəaliyyəti barədə geniş məlumat vermişdir. AMEA ilə “Azərkimya”nın həmin sahələrdə əməkdaşlıq imkanları təhlil olunmuşdur. Rəyasət Heyətinin qərarı əsasında iki qurumun fəaliyyətini daha sıx əlaqələndirmək məqsədi ilə birgə işçi qrupu yaradılmışdır. Qeyd olunmuşdur ki, daimi fəaliyyət göstərəcək işçi qrupu bu il sentyabrın sonunadək AMEA-nın Kimya Elmləri Bölməsinin təkliflərini müzakirə etməli və konkret tədbirlər planı hazırlayaraq “Azərkimya”ya təqdim etməlidir. Əməkdaşlıq AMEA-da elmi-tədqiqat işlərinin daha geniş miqyasda aparılmasına, elmi nəticələrin istehsalatda tətbiqi prosesinin sürətləndirilməsinə və alimlərin əməyinin stimullaşdırılmasına imkan yaradacaqdır. Məsələnin müzakirəsində ARDNŞ-in vitse-prezidenti David Məmmədov da iştirak etmişdir.
Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov “Qarabağ ərazisində aparılmış yeni arxeoloji tədqiqatlar” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, son illər Qarabağ düzənliyi, Ağdamın işğal edilməmiş əraziləri və Ağcabədi rayonunun şimal-qərbində mühüm tədqiqatlar aparılmışdır. Ümumən 169 arxeoloji abidə elektron qeydiyyata alınmış və bunun əsasında “Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib olunmuşdur. Alim bunun Qafqaz arxeologiyası üçün yenilik olduğunu bildirmişdir. Həmçinin vurğulanmışdır ki, ekspedisiya qrupunun İsmayılbəytəpə və Leylatəpə mədəniyyətinə aid Fərmantəpə yaşayış məskənlərindən götürdüyü nümunələr xronoloji baxımdan dəyərləndirilmək üçün Yaponiya və İsrailin müvafiq laboratoriyalarına göndərilmişdir.
Elmi məruzənin nəticələri müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilmişdir.
İclasda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” ətrafında da müzakirələr aparılmışdır. Sənədə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi müvafiq strukturlara tapşırılmışdır.
Daha sonra tədbirdə ölkədə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətlərindən bəhs edilmişdir. Həmçinin 28 May – Respublika Günü münasibətilə akademiyanın gənc alimləri üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən 21 gənc alim qrant mükafatına layiq görülmüş, AMEA-nın üzvlüyünə seçkilər üzrə ümumi yığıncağın keçirilməsi qərara alınmışdır.
İclasda akademiyanın nizamnaməsinin yeni layihəsi də müzakirə olunmuşdur. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iclas iştirakçılarını nizamnaməyə təklif olunan əlavə və dəyişikliklərlə tanış etmişdir. Nizamnamənin layihəsi bəyənilmiş və AMEA-nın ümumi yığıncağında müzakirəyə çıxarılması qərara alınmışdır. Rəyasət Heyətinin digər qərarı ilə ümumi yığıncaq bu il iyunun 27-də keçiriləcəkdir ki, həmin tədbirin gündəliyində AMEA üzvlüyünə seçkilərin keçirilməsi məsələsi də yer alır.
Tədbirdə Abbasqulu Ağa Bakıxanov adına mükafat təsis edilmiş və onun əsasnaməsi təsdiq olunmuşdur. Nizami adına Ədəbiyyat İnstitutunun yeni strukturunun təsdiq edilməsi, Memarlıq və İncəsənət İnstitutunda Muğamşünaslıq şöbəsinin yaradılması haqqında da qərarlar qəbul olunmuşdur.
İclasda bir sıra kadr məsələlərinə də baxılmışdır. (AzərTAc)