Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, eləcədə özəl şirkətlər tərəfindən Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsinin populyarlığı artır. Təhsil Nazirliyindən verilən məlumata görə, əgər layihənin ilkin mərhələlərində ona olan maraq bir qədər zəif olmuşdursa, hazırda layihə böyük populyarlıq qazanıb.
“Xalq kompüteri” layihəsinin başlamasından bu günə kimi artıq 1800 kompüter satılıb. Bu məlumatı isə HP-nin nümayəndəliyindən bildiriblər. Pilot layihə çərçivəsində şirkət 5 minə qədər kompüter və noutbuk satmaq niyyətindədir. Sifarişlərin 90% tam funksionallı noutbukların payına düşür. Mini noutbuklara isə tələbat elə də çox deyil.
HP mütəxəssislərinin fikrincə netbuk və mini noutbukların innovativ spesifikası olduğundan ilkin mərhələdə onlara olan yüksək tələbatı başa düşmək olar. İstənilən məhsul ilkin mərhələdə böyük marağa səbəb olur. Gələcəkdə bu maraq itir və ya yüksəlir və nəticədə həmin məhsul bazarda öz mövqeyində yer alır. Əvvəlcə netbuklara olan maraq kifayət qədər yüksək idi, lakin bu portativ qurğuların dünya tendensiyası sırasına daxil olub olmayacaqları barədə danışmaq hələ tezdir. Azərbaycanda bu modellərə maraq yüksək deyil. Çünki Azərbaycan istifadəçisi daha konservativdir.
Qeyd edək ki, layihəyə 10 aprel 2009-cu il tarixində start verilib. Pilot mərhələsi 4 ay ərzində reallaşdırılacaq. “Xalq kompüteri” çərçivəsində kompüterlərin bazar qiymətindən 25-40% aşağı qiymətlərlə güzəştli şərtlərlə 12 aylıq faizsiz kreditlə təqdim olunması nəzərdə tutulur. Kompüterlərin təchizatı ilə HP-nin yerli tərəfdaşı Bestcomp Group şirkəti məşğul olacaq.İlkin mərhələlərdə güzəştli şərtlərlə 4 növdə kompüter və noutbuk (5000 ədəd) təqdim olunacaq. Azərbaycan hökuməti və dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilən bu layihənin məqsədi əhalinin güzəştli şərtlərlə kompüterlərlə təmin olunması, yerli istehsalın genişləndirilməsi və kompüterlərin lisenziyalı proqramlarla təmin olunmasıdır.