Fontu böyüt:
Bu gün Ali Məhkəmənin Mülki İşlər üzrə Kollegiyasında hakim Əli Rüstəmovun sədrliyi ilə telejurnalist İlhamiyyə Rzayevanın Space Tv-yə qarşı iddiası ilə bağlı kassasiya şikayətinə baxılıb. Advocate.com.az saytında verilən məlumata görə, məhkəmədə İlhamiyyə Rzayevanı vəkil Anar Qasımov və nümayəndəsi Nurlana Əliyeva təmsil edib. Space-in nümayəndəsi gəlmədiyi üçün məhkəmə iddianı qarşı tərəfin iştirakı olmadan araşdırmalı olub. Əli Rüstəmov, Ələsgər Əliyev və Tatyana Qoldmandan ibarət məhkəmə tərkibi müşavirədən qayıtdıqdan sonra qərarı elan edib və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək işin təkrar apellyasiya baxışına qaytarılması haqqında qərar çıxarıb.
Qeyd edək ki, İlhamiyyə Rzayeva ilə Space Tv arasında məhkəmə çəkişməsi uzun müddətdir ki, davam edir. İ.Rzayeva 2002-ci ilin sentyabr ayından “Space” Müstəqil Teleradio Şirkətinin “Gecə kanalı” Departamentində işə qəbul olunub. O, “Gecə kanalı” Departamentinin baş redaktoru vəzifəsinə təyin olunub. 2006-cı ilin mayında ərizə yazaraq, öz xahişinə əsasən, işdən azad olunub. İşdən azad olunduğu vaxt telejurnalistlə son haqq-hesab aparılmayıb, işdən azad olunmağı barədə əmrin surəti və əmək kitabçası ona təqdim edilməyib. O, müxtəlif vaxtlarda əmək kitabçasının təqdim edilməsinə dair “Space” Müstəqil Teleradio Şirkətinin Hüquq Şöbəsinə və Kadrlar Şöbəsinə müraciət etsə də, əmək kitabçası heç bir əsas gətirilmədən ona təqdim edilməyib. Lakin əmək kitabçası onun işdən azad olunmasından üç il sonra etibarnamə üzrə nümayəndəsi Əlövsət Əliyevə verilib. Əmək kitabçasını vərəqləyəndə isə aydın olub ki, “Space” Müstəqil Teleradio Şirkətində işlədiyi müddət barədə əmək kitabçasında heç bir qeyd aparılmayıb və İ.Rzayeva hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməyə məcbur olub.