Fontu böyüt:
Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən artıq ikinci ildir təşkil olunan “Gənc informatiklər” müsabiqəsinin final mərasimi iyun ayının 6-da Qafqaz Universitetində keçirilib.
İlk olaraq Universitetinin akt zalında “Gənc informatiklər 2009” müsabiqəsinin açılışı olub. Final mərhələsinin iştirakçılarına uğurlar diləyən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov müsabiqə haqqında ətraflı məlumat verib. Qafqaz Universitetinin rektoru professor Ahmed Saniç və İctimai Televiziya və Radio Yayımları şirkətinin departament müdiri Cəsarət Valehov İnformasiya Texnologiyalarının gənclər arasında təbliği və şagirdlərdə bu sahəyə marağın artırılması baxımından “Gənc informatiklər 2009” müsabiqəsinin əhəmiyyətli olduğunu qeyd etdiblər.
Açılış mərasimindən sonra ayrı-ayrı otaqlarda ümumilikdə Sumqayıt şəhərindən, Abşeron və Xızı rayonlarından olan 35 məktəbdən 86 nəfər şagirdin iştirak etdiyi final mərhələsində iştirakçılar öz işlərini Münsiflər Heyəti qarşısında müdafiə ediblər.
Ölkənin tanınmış alim və mütəxəssislərindən ibarət olan münsiflər heyətinin qiymətləndirməsinə əsasən veb-sayt, təqdimat işlərinin hazırlanması və mətn yığıcılığı üzrə ümumilikdə 14 komanda müsabiqənin qalibi adını qazanacaq. Qaliblərin elan olunması və təntənəli mükafatlandımra mərasimi iyun ayının 19-da Sumqayıt şəhərində “Kimyaçı” Mədəniyyət Sarayında təşkil olunacaq, onlara müsabiqənin əsas mükafatı “Rəqəmsal dünya” heykəlciyi və dəyərli hədiyyələr veriləcək.
Müsabiqə HP şirkətinin və “Microsoft-Azərbaycan” korporasiyasının baş sponsorluğu, Aztelekom İstehsalat Birliyi və “DNS Computers” MMC-nin sponsorluğu ilə keçirilir və Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunur.
Ardıcıl olaraq ikinci ildir keçirilən “Gənc informatiklər” müsabiqəsinin təşkilatçıları Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil şöbəsidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “İntel – Gələcək üçün təhsil” proqramı, “Ultra” şirkəti, Azərbaycan İnternet Forumu və Sumqayıt Tələblər İttifaqı layihəyə təşkilati dəstək göstərirlər.
Müsabiqəyə informasiya dəstəyini İnterfaks-Azərbaycan İnformasiya Agentliyi, Xəbərlər.az portalı, 168 saat qəzetlər qrupu, Dünya televiziyası, Sumqayıt qəzeti və Explorer jurnalı göstərir.