Fontu böyüt:
Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Intel korporasiyası silisium plastin və prosessor istehsalı üzrə yeni zavodun tikintisinə 5 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq. Bu barədə Intel-in rəhbəri Pol Otellini bildirib.
Fab42 adlandırılacaq və ABŞ-ın Arizona ştatında salınacaq yeni istehsalat obyekti şirkətin bəyanatına görə kütləvi kompüter prosessoru istehsalı üzrə ən müasir zavod olmalıdır. Tikintisinə 2011-ci ilin ortalarında başlanması nəzərdə tutulan Fab42 zavodunun 2013-cü ildə istismara verilməsi planlaşdırılır.
Yeni obyektdə 14 nanometrlik texnoloji proses üzrə çiplər hazırlanacaq. Qeyd edək ki, hazırda Intel öz zavodlarında 32 nanometrlik texnoloji prosesdən istifadə edir. Cari ilin yanvar ayında isə şirkətin 22 nanometrlik texprosesin inkişafına dair planları barədə məlum olmuşdur.
22-nm texnoloji proses üzrə hazırlanmış Intel çipləri 2011-ci ilin dekabr ayında buraxılacaq. Dünyanın ən iri kompüter mikroprosessoru istehsalçısının 2013-cü ilə kimi tam yeni texprosesə keçəcəyi gözlənilir.