Fontu böyüt:
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” jurnalının 4-cü sayında 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, elektron proqram və ixtisaslaşma seçimi haqqında elanı dərc edilib.
Qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına 2 may 2010-cu il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar (ümumi balı 50-dən az olmayan bakalavrlar) imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər.
Bunun üçün bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramların siyahısı “Magistr” jurnalının 2010-cu il 3-cü sayında dərc olunub).
Bundan sonra, bakalavrlar 2010-cu il iyunun 17-dən 19-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində keçirilir. //xeberler.az/Ellada