Fontu böyüt:
Azərbaycan İnternet Forumunu bildirir ki, son günlər bir sıra internet resurslara, xüsusilə də Azadlıq Radiosunun www.azadliq.org və www.azadliqradiosu.az internet resursuna, www.yahoo.com və www.facebook.com resurslarına ölkə ərazisindən girişlə bağlı ciddi məhdudiyyətlər yaranıb.
Bu günlər ərzində bir sıra provayderlərin istifadəçiləri adı çəkilən resurslardan ümumiyyətlə istifadə edə bilməmişlər və www.azadliq.org resursuna girişlə bağlı problemlər hələ də qalmaqdadır.
6 mart tarixindən etibarən AİF -in mütəxəssisləri və bir sıra ekspertlər tərəfindən baş verən məhdudiyyətlərin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən də bir sıra Provayderlər vasitəsilə adı çəkilən resursa girişlə bağlı ciddi əngəllər var. Provayderlərin də bir çoxu ölkə daxilindən bu resurslara girişlə bağlı şəbəkədə müəyyən problemlərin olduğunu, lakin onlar tərəfindən hansısa süni əngəllərin yaradılmadığını qeyd ediblər. Adı çəkilən resursa digər ölkələrin ərazisindən giriş sərbəstdir.
Ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkətinin mütəxəssisləri adı çəkilən informasiya resursuna girişin məhdudlaşdırılmasının texniki problemlərlə bağlı ola biləcəyini vurğulayıblar.
Bununla belə problemin mahiyyətini tam dəqiqliyi ilə müəyyən etmək, saytlara girişi əngəlləyən səbəbləri konkret müəyyən edib aradan qaldırmaq mümkün olmamışdır.
İstifadəçi auditoriyası kifayət qədər geniş olan bir informasiya resursu ilə bağlı ölkədə yaranmış bu vəziyyət cəmiyyətdə birmənalı qarşılanmayıb. AİF təəssüflə bildirir ki, problemin mahiyyəti və səbəbləri ilə bağlı vaxtında məlumat verilmədiyindən bununla bağlı ölkə daxilində və xaricdə həqiqətə uyğun olmayan məlumatların da yayılmasına rəvac verilib.
AİF bildirir ki, istənilən halda vətəndaşların informasiya hüququnun əngəllənməsi, normal informasiya mübadiləsinin pozulması yolverilməzdir. AİF xatırladır ki, heç bir hüquqi əsaslar olmadan, həmçinin, texniki-texnoloji problemlərin yaşanması üçün ciddi əsaslar olmadığı bir şəraitdə informasiya resurslarına girişin mümkün olmaması vətəndaşların informasiya azadlığının, normal informasiya mübadiləsi aparmaq hüququnun pozulmasıdır. Bütün bunlar isə sonda , heç bir əsas olmadığı halda, Azərbaycanın bu sahədə əldə etdiyi uğurları, ölkənin beynəlxalq imicini də ciddi zərbə altında qoya bilər.
AİF problemlə bağlı təcili olaraq aidiyyatı qurumların, Delta Telekom şirkətinin məsləyə rəsmi münasibət bildirməsini, problemin aradan qaldırılması istiqamətində müstəqil ekspertlərlə birgə ciddi tədbirlərin görülməsini zəruri hesab edir.