Fontu böyüt:
Təhsil Nazirliyinin dəstəyi ilə “Microsoft Azərbaycan” şirkəti Azərbaycanda “İnnovativ müəllimlər” müsabiqəsini təşkil edir.
Müsabiqə Təhsil Nazirliyinin “Microsoft” korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq keçirilir.
İKT İnformasiya Mərkəzindən bildiriblər ki, müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsindən ibarətdir. Müsabiqə “Məzmunda innovasiyalar” və “Tərəfdaşlıqda innovasiyalar” nominasiyaları üzrə keçiriləcək.
“Məzmunda innovasiyalar” nominasiyası innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımı ilə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənir.
“Tərəfdaşlıqda innovasiyalar” nominasiyası müəllim, şagird, məktəb, valideyn və s. kimi müxtəlif qrupları daha səmərəli şəkildə cəlb edən tədris layihəsini müəyyənləşdirəcək.
Müsabiqə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə hər bir iştirakçı peşəkar jürinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin iki nominasiyası üzrə qaliblər həm müəllim, həm də valideyn jürisi tərəfindən müəyyənləşdiriləcək. Hər iki nominasiya üzrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblər müəyyən olunacaq. Layihələrin qəbulu yanvarın 31-də başa çatacaq.
Müsabiqədə iştirak etmək üçün http://itn-az.spaces.live.com saytındakı anketi və layihə planını doldurmaq və [email protected] ünvanına göndərmək lazımdır.
Müsabiqənin qalibləri Vyanada təşkil olunacaq Avropa innovativ müəllimlər forumunda iştirak edəcəklər.