Fontu böyüt:
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net - Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesinin başa çatmasına çox az bir müddət - cəmi 6 gün qalıb. Hazırda qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi davam edir. Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.
Təşkilat Komitəsindən xeberler.az-a daxil olan məlumata əsasən, Milli Net 2009 başlanandan indiyədək 1000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 500-dən çox sayt Müsabiqəyə təqdim edilmişdir. Onlardan 300 –dən çoxu Müsabiqəyə qəbul edilmiş , 150-dən çox sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə görə hələlik müsabiqəyə buraxılmamışdır. Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi olub. İmtina ilə bağlı konkret səbəblər Təşkilat Komitəsi tərəfindən bu saytlara yazılan şərhlərdə qeyd edilib və sayt sahiblərinə bu haqda məlumat verilib.
Təşkilat Komitəsi bildirir ki, Müsabiqənin şərtlərinə görə Müsabiqədə iştirakından imtina edilən saytlar imtina ilə bağlı səbəbləri aradan qaldırdıqdan sonra Müsabiqədə iştirakla bağlı yenidən müraciət edə bilərlər. Yenidən müraciət üçün imtinanın səbəblərinin aradan qaldırılması ilə bağlı saytı təqdim edən tərəfindən müvafiq saytda şərhin yazılması yetərlidir. Qeydiyyat prosesi başa çatanadək yenidən müraciət etmək mümkündür.
Təşkilat Komitəsi bir daha bildirir ki, qeydiyyat prosesi 30 noyabr tarixdə başa çatacaq . Səsvermə prosesinin isə 15 dekabradək yekunlaşdırılması nəzərdə tutulub.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə Müsabiqənin əsas Mükafatının- tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Artıq Mükafatların hazırlanması prosesi başa çatmaq üzrədir.
Milli İnternet Mükafatının yekun Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az saytında yerləşdirilib.