Fontu böyüt:
Sumqayıt şəhəri Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində 22 iyun 2010-cu il tarixdə öz işinə başlayan “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı bu gün yekunlaşıb . Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin xeberler.az-a verdiyi məlumata əsasən festivalda Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və dövlət qurumlarının əməkdaşları iştirak ediblər. Festivala ali məktəblərin və informasiya kommunikasiya texnologiyaları (İKT) şirkətlərinin nümayəndələri də qatılıb.
Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilib.
2 gün davam etmiş Festival çərçivəsində təşkil olunan seminarda “İnformasiya və kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi”, “Xalq kompüteri” layihəsi, “İKT peşəsinə artan maraq və İKT sahəsində ixtisaslaşmaq imkanlar”, “Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri”, “Azərbaycan təhsilinin informasiyalaşdırılması”, “İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində rolu” mövzuları geniş müzakirə olunub.
Festival iştirakçıları həmçinin Sumqayıt Elektrik Stansiyasının fəaliyyəti, Azkompozit MMC və BİSMAK Qida-Sənaye Kompleksində informasiya texnologiyalarının tətbiqi vəziyyəti, eləcə də şəhərin bir neçə mədəniyyət obyektləri ilə yaxından tanış olublar.
Festivalın ikinci günündə isə sərgi-yarmarkanın açılışı olub. “Kimyaçı” Mədəniyyət Sarayının foyesində təşkil olunmuş sərgidə müsabiqədə fərqlənmiş işlər nümayiş etdirilib.
Festival çərçivəsində Sumqayıt şəhərində məktəblilər və tələbələr arasında keçirilən informasiya texnologiyaları layihələri üzrə “Gənc İnformatiklər” müsabiqəsinin qalibləri də elan olunub. Mükafatlandırma mərasimində qaliblərə fəxri fərman, müsabiqənin rəmzi heykəlciyi və qiymətli hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.
“Elektron təhsil” Respublika müsabiqəsinin tərkib hissəsi olan və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, və Qafqaz Universiteti təşkilati dəstək göstəriblər. Müsabiqənin baş sponsoru HP şirkəti, sponsorları isə Microsoft korporasiyası, Bestcomp şirkəti və Aztelekom İB-dir.
Müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır. Sumqayıt şəhərində bu müsabiqə artıq ənənəvi olaraq 3-cü ildir keçirilib.
Müsabiqə “veb-sayt (İnternet səhifə) hazırlanması”, “bloqların hazırlanması”, “təqdimat işlərinin hazırlanması”, “mətn yığıcılığı” nominasiyaları üzrə qaliblər müəyyən edilib. // xeberler.az/Ellada