Fontu böyüt:
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti bu gün Almaniyanın Hannover şəhərində başlayan CeBIT-2009 – informasiya texnologiyaları sərgisində iştirak edir. Nümayəndə heyətinə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) əməkdaşlarından əlavə, ölkənin özəl İKT sektorunun nümayəndələri də daxildir.
RİTN-in hazırladığı stenddə son illərdə Azərbaycanın İKT sektorunda əldə olunmuş nailiyyətlər təqdim olunacaq. İnformasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkət və təşkilatlarının təmsil olunduğu bu cür nüfuzlu tədbirdə iştirak etməklə Azərbaycan bu sahədə qazandığı uğurları nümayiş etdirmək və bir daha investisiya qoyuluşu baxımdan davamlı və cəlbedici ölkə olduğunu sübut etmək imkanı əldə edir. Özəl şirkətlərə gəldikdə isə CeBIT-2009 onlar üçün dünya bazarına çıxış və ölkənin ixrac potensialının artırılması üçün əlavə imkanlar yaradacaq.
Cari ildə sərgidə 69 ölkədən 4300 şirkət iştirak edir. Bu ilki sərginin əsas mövzuları isə internet-texnologiyaların və internet-cəmiyyətin sürətli inkişafı nəticəsində meydana gələn texniki və sosial məsələlər, Qlobal şəbəkəyə yüksəksürətli genişzolaqlı mobil çıxışın təmin edilməsi, ekoloji cəhətdən zərərsiz informasiya və kompüter texnologiyaları, tibb və təhsil sahələrində texnologiyalardır. Qeyd edək ki, tədbirin açılış mərasimində Almaniya Kansleri Angela Merkel çıxış edəcək.