Fontu böyüt:
Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi, bir sıra hallarda bunun müqabilində abunəçilərin balansından vəsait çıxılması barədə KİV-də yayımlanan məlumatlarla, Milli Məclisə, digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) daxil olan şikayətlərlə bağlı RYTN və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDM) birgə araşdırmalar aparıblar. Bu barədə Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov məlumat verib.
Araşdırma nəticəsində məlumat və
reklam xarakterli kütləvi SMS-lərin bir neçə növü müəyyənləşdirilib:
Yeni tarif və ya məhsullar (xidmətlər)
barədə operatorların öz abunəçilərinə göndərdiyi məlumat xarakterli SMS-lər.
Məzmun və xidmət təchizatçılarının
təqdim etdiyi xidmətlər barədə məlumat xarakterli SMS-lər;
Digər şirkət, bank, mağazaların
göndərdiyi reklam xarakterli SMS-lər.
Müşfiq Əmirov bildirib ki, mobil
operatorlardan RYTN-ə verilən məlumatlara əsasən bir çox hallarda istehlakçıların
özlərinin şirkət, bank, mağazalara nömrələrinin təqdim etməsi həmin abunəçilərə
davamlı olaraq SMS-lərin daxil olmasına şərait yaradır. Daxil olan SMS-ə görə
abunəçinin balansından pul tutulması isə yalnız abunəçilərin özlərinin təklif
olunan xidmətin aktivləşdirilməsi nəticəsində mümkün olur.
“Mobil operatorlar, istehlakçı
hüquqlarının ifrat müdafiəsinin sahibkarlıq fəaliyyətinə maneələr yarada biləcəyini,
reklamların digər yayım vasitələrində (məsələn, televiziyada, radioda və digər
KİV-də) olduğu kimi, istehlakçıların iradəsindən asılı olmadığını vurğulasalar
da, mobil abunəçilərin həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə
malik olduqlarını qeyd edirlər. Məsələn, reklam daxil olan nömrəyə STOP
yazıb göndərməklə və yaxud mobil operatorun müştəri xidmətlərinə rəsmi müraciət
etməklə abunəçi onun nömrəsinə göndərilən reklam xarakterli SMS-ləri
dayandıra bilər”- deyə nazir müşaviri qeyd edib.
Müşfiq Əmirov həmçinin vurğulayıb
ki, RYTN abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, bu məsələ ilə
bağlı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi ilə əlaqədar təkliflər hazırlayıb.
“Belə ki, mobil telekommunikasiya
şəbəkəsindən reklam və əyləncə xarakterli SMS-lərin (abunəçilər arasında göndərilən
və qəbul edilənlər istisna olmaqla) abunəçilərə kütləvi və avtomatik
olaraq göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata
keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil edilməsi təklif
olunub. Hazırda bu təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına təqdim
edilib”.