Fontu böyüt:
Dünən 2009/2010-cu tədris ili üçün ali məktəblərin bakalavr pilləsinin boş qalan plan yerlərinə və orta ixtisas məktəblərinə (11-illik orta təhsil bazasından) ixtisas seçimi başa çatdı. Qeyd edək ki, qəbul imtahanlarında 50-dən çox bal toplayan abituriyentlər iştirak edirdi.
TQDK-dan mətbuata verilən məlumata görə, saat 14:00-a qədər olan nəticələrə əsasən, 26710 nəfər ixtisas seçimi edib. Ali məktəblərdə 1554, orta ixtisas məktəblərində 6614 boş plan yeri var.
Müsabiqənin nəticələrinin avqustun 13-də açıqlanacağı gözlənilir. Xatırladaq ki, bu il ali məktəblərə tələbə qəbulu üçün ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olunub. Qəbul planı 94,65 faiz yerinə yetirilib. Boş qalan plan yerlərinin ümumi sayı 1554-dür.
Tələbə adını qazanmış abituriyentlər isə avqustun 17-nə qədər öz sənədlərini qəbul olunduqları ali məktəbə təqdim edib qeydiyyatdan keçməlidir. Əks təqdirdə, onların qəbul olunma barədə əmri ali təhsil ocaqlarına göndərilməyəcək.