Fontu böyüt:
Məlum olduğu kimi, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov yaxın 15 gün ərzində İnternet tariflərinin ən azı iki dəfə aşağı salınması barədə bəyanat yayıb. O qeyd edib ki, artıq bir neçə operatorla da bu barədə razılıq əldə olunub.
Xatırladaq ki, Azərbaycan İnternet Forumu Azərbaycanda İnternet tariflərinin ucuzlaşması və İnternetin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı RİTN-ə dəfələrlə müraciət etmiş və tariflərin aşağı salınması tələbi ilə nazirliyin binası qarşısında piket keçirəcəyini nəzərə çatdırmışdı.
Nazirin tariflərlə bağlı son dəfəki çıxışından sonra AİF prezidenti Osman Gündüz Xəbərlər.az-ın suallarını cavablandırıb. O, Nazirliyin bu təklifini müsbət qiymətləndirib və qiymətlərin 2-3 dəfə aşağı salınacağı təqdirdə AİF- də bu məsələyə yenidən baxılacağını söyləyib.
“Əgər İnternet tarifləri doğurdan da azı iki dəfə aşağı salınacaqsa, biz piketdən imtina edə bilərik. Lakin nəzərə alsaq ki, Azərbaycanda İnternet qonşu ölkələrlə müqayisədə 15-20 dəfə bahadır, demək gələcəkdə də qiymətlərin aşağı düşməsi məsələsi gündəmdə olacaq. Amma indiki mərhələ üçün İnternet Tariflərinin 2-3 dəfə enməsi məqbul sayıla bilər. Bizim apardığımız monitorinqlərin nəticəsi göstərir ki, indiki halda provayderlər , xüsusilə də dövlət provayderləri AzTelekom, BakİnterNet, birgə müəssisələr olan provayderlər 1 M/bit limitsiz internet xidmətini 100 manatdan da aşağı təklif edə bilərlər”.