Fontu böyüt:
Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az-ın Seçki və İKT layihəsi davam edir. Müsahibimiz namizədliyini 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən irəli sürmüş Taryel Vəliyevdir.
- Taryel müəllim, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edirsiniz?
- Seçki təşviqatı zamanı, internetdən və yeni medianın imkanlarından maksimum istifadə etməyə çalışıram. Təşviqat zamanı internetin imkanlarından istifadə etmək bu günki günün tələblərindən biridir. əsasən, facebook sosial şəbəkəsində öz təbliğatımı aparıram. Öz seçicilərimlə görüşlərimi, mütəmadi olaraq seçki ilə bağlı xəbərlərimi www.uluturk.info saytında yayımlayırıq. Bundan başqa həmin saytda mənim reklam çarxımda yerləşdirilib. Bununla yanaşı bizim təşkilat Yahoo qrupda da fəaliyyət göstərir. Bu qrupun 1000-ə yaxın üzvü var. Seçicilərlə görüşlərim və çəkilmiş fotoları mütəmadi olaraq burada da yayımlayırıq.
- Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?
- Seçki təbliğatında internet təbliğatın elə də bir önəmi yoxdur. Sadəcə olaraq, internet təbliğat bu gün Azərbaycanda tanınmaq üçün aparılır. Təbii ki, seçki marafonuna qoşulan hər bir şəxs, internetdə tanınmağa da üstünlük verir. Bu gün internet vasitəsi ilə aparılan təbliğat ən çox ictimai və siyasi mühütdə, özünü təsdiq, özünü tanıtma məqsədi güdür. Ancaq, sadə seçici üçün bu elə də effektli bir üsul deyil.
-Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?
- Mənim namizəd olduğum dairənin təxminən 1 və ya 2 faizi belə internetdən istifadə etmir. Namizədliyimi irəli sürdüyüm dairə işğal altındakı rayon olduğu üçün, internetdən istifadə edənlərin sayı azlıq təşkil edir. Buradakı əhali əsasən Azərbaycanın 60 rayonuna paylaşıblar və onların çoxu da təsərrüfatla məşğul olan insanlardır. Onlardan Bakı və Sumqayıt ərazisində yaşayan insanlar, xüsusən də gənc təbəqə internetdən istifadə edir. Böyük əksəriyyət 96%, 97% internetdən istifadə etmir.
- Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?
- Bloqlarda məhdud sayda insanlarla əlaqə saxlamaq mümkündür. Ancaq, sosial şəbəkələrdə bu belə deyil. Burda bir çox insanla əlaqə yaratmaq imkanların var. Buna görə də təbliğat üçün ən əsas sosial şəbəkələrdir.
- Seçicilərlə görüşlərinizi bloqunuzda və ya youtube-də yayımlamaq fikiriniz varmı?
- Görüşlərimi facebookda və uluturk.info saytında yerləşdirirəm.
- Internet portallara reklam verəcəksinizmi? Verəcəksizsə hansı şərtləri ödəyən saytlara üstünlük verəcəksiz?
- Reklamı uluturk.info saytına vermişəm. Digər portallara reklamlarımın verilməsini ehtiyac bilməmişəm.
-Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?
- Mən düşünmürəm ki, bu gün belə bir şey yaşansın. Çünki, Azərbaycanda siyasi gərginlik yarada biləcək elə bir müxalif güc yoxdur. Belə bir halın yaşanması qarşılığında belə. Sosial şəbəkələrə qadağaların olmasına inanmıram.
- Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?
- Seçkilərin virtual keçirilməsi obyektivliyin qarşısını alar. Çünki, Azərbaycan cəmiyyəti nə qədər elektronlaşsa belə, böyük əksəriyyət internetdən istifadə qaydalarını bilmir. Əgər seçilər virtual yolla keçirilsə, onda əhali özləri bu prosesi bilmədikləri üçün kimlərinsə yardımından istifadə edəcəklər. Belə olan təqdirdə kim seçkilərin obyektiv olacağına zəmanət verə bilər? Belə bir halın olması, seçkilərdə obyektivliyin və şəffaflığın qarşısını alar.
- Namized.com saytındakı internet səsverməsində hazırda 4-cü yerdəsiniz. Sizcə 7 noyabrda daha yaxşı nəticələr yaşanacaqmı?
- Onu deyə bilərəm ki, mən internet səsvermələrinə önəm vermirəm . Bu saytlar obyektivliyi göstərmir. Dediyim kimi bizim dairənin seçicilərin heç 1%-də internetdən istifadə etmir. Burdakı səsvermə heç bir önəm daşımır. Sadəcə bunu formal olaraq, seçkiyə hazırlıq kimi qiymətləndirmək olar.
- Xeberler.az-ın yeni layihəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?
- Bugünki gün üçün önəm daşıyan bir portaldr. Sizə uğurlar azulayıram.