Fontu böyüt:
Milli internet ünvanların - .az domeninin qeydiyyatı sahəsində mövcud vəziyyətlə bağlı Xeberler.az –ın Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ilə müsahibəsi.
Osman müəllim, hazırda milli internet ünvanların - domenlərin qeydiyyatı prosesi necə həyata keçirilir , bu proses yerli və beynəlxalq normala cavab verirmi? Hansı qurum səlahiyyətlidir az domeninin qeydiyyatı üçün?
-Hazırda qeydiyyat prosesində inhisarçılıq mövcuddur. Şəffaflıq yoxdur. Domen adlarının qeydiyyatından əsasız olaraq imtina halları müşahidə olunur. Hələki normal qeydiyyat Qaydalar yoxdur.
O ki qaldı hüquqi status məsələsinə, bu proses uzun müddət AzCom adlanan qurumun qeyri-qanuni olaraq səlahiyyətində olub və qeydiyyat prosesi İnternet ictimaiyyətin ciddi qınaqları ilə üzləşib. AİF tərəfindən bu prosesin legitimləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Bir neçə dəfə müəyyən dövlət və özəl qurumlar tərəfindən qeyri-qanuni olaraq legitimləşmə prosesi aparmaq istəyərkən AİF İnternet ictimaiyyətin dəstəyi ilə , bu sahədə əsas qurum olan İCANN –nin köməkliyi ilə onun qarşısını almışdı. Eyni zamanda indiki nazir yeni fəaliyyətə başlayan an da .az domeninin tamamilə beynəlxalq normalara uyğun olaraq qeydiyyat prosedurasının qurulması haqqında göstərişlər vermişdi. Lakin təəssüf ki, RİTN-nin və digər əlaqədar qurumların iştirakı ilə aparılan legitimləşmə prosesi birdən-birə yarımçıq saxlanıldı.
Hətta Azərbaycan İnternet Qeydiyyat Qurumunun yaradılması ilə bağlı indiki nazirin xeyir duası ilə mətbuat Konfransı keçirildi və ictimaiyyətə bu haqda məlumat verildi. Lakin bir daha təkrar edirəm təxminən il yarım – 2 il bundan öncə bu prosesə müəmmalı şəkildə son qoyuldu.
Milli internet ünvanların - domen adlarının qeydiyyatının tənzimlənməsi ilə bağlı durum indi nə yerdədir.? Mətbuatda RİTN tərəfindən artıq domenlərin qeydiyyatı qaydalarının hazırlandığı və müzakirəyə təqdim edildiyi bildirilib.
- Təəssüf ki, uzun müddət, az qala 10 illərlə davam edən .az domeninin normal qeydiyyat prosedurasının yaradılması sahəsində vəziyyət acınacaqlı olaraq qalmaqdadır. Təsəvvür edin ki, bu müddət ərzində artıq bir nazir və bir dövlət komissiyası sədri, bir neçə şirkət rəhbəri bu domen qeydiyyatı qalmaqalının əzablarını “yaşayıb” və uğursuzluğa düçar olub.
Müşahidələrimiz göstərir ki, yenə həmin koordinat –həmin dalğadır. Yenə də az domeninin qeydiyyatının dövlət qurumunun –konkret RİTN-nin nəzarəti altına alınmasına edilən cəhdlərin şahidi oluruq
Osman müəllim, axı burada nə var ki, az domeninin qeydiyyatı nəyi həll edir ki, onun legitimləşdirilməsi bu qədər uzanıb. Normal bir qayda-qanun yaratmaq mümkün olmayıb. Qeydiyyat prosesi, tənzimləyici qurum necə qurulmalıdır ?
-Hazırda az domeninin qeydiyyatının RİTN tərəfindən formal olaraq yaradılan Koordinasiya Şurasının nəzarəti altına keçməsi istiqamətində addımlar müşahidə olunur. Ölkələrin böyük əksəriyyətində isə bu proses qeyri-hökumət qurumları tərəfindən həyata keçirilir və qeyri-kommersiya xarakteri daşıyır.
Domen adlarının qeydiyyatının dövlət qurumunun nəzarəti altına keçməsi yerli və beynəlxalq qanunvericiliyə ziddir.
Elə situasiyalar yarana bilər ki, domenlərin qeydiyyatından imtina oluna və ya fəaliyyətdə olan domenlərin fəaliyyəti müəyyən səbəblərdən, qeyri-qanuni əsaslarla dayandırıla bilər. Bu birbaşa insan hüquq və azadlıqlarının qorunması ilə bağlı beynəlxalq və yerli normaların tələblərinin pozulması olardı
Problem ondadır ki, az domenindən istifadə edərək milli internet resursların fəaliyyətinə müdaxilə imkanları əldə edən icra strukturu dolayısı ilə bütövlükdə milli internet məkanına dövlət tərəfindən nəzarəti ələ keçirmiş olar.
RİTN-nin təklif etdiyi Qaydalar Layihəsində nə nəzərdə tutulub? Ümumiyyətlə yerli qanunvericilikdə bu məsələlər necə tənzimlənir?
- Telekommunikasiya haqqında Qanuna görə domenlərin qeydiyyatı və istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir . Diqqət yetirin , məhz birgə iştirakı ilə qeyd olunub. Yəni burada tərəflər bərabər əsaslarla çıxış edir. Lakin təəssüf ki, son dövrlərdə biz tam əks prosesləri müşahidə edirik. İlk öncə artıq bizə məlum olub ki, Nazirlik tərəfindən qeyri-qanuni olaraq İntrans şirkətinə hüquqi status verilməsi ilə bağlı İCANN –a təqdim etmək üçün məktub verilib. Bunun da əsasında bu şirkət artıq əvvəllər olduğu kimi Qeydiyyatla bağlı texniki deyil, həmdə administrtor funksiyasını daşıyır , təbii ki, qeyri-qanuni olaraq.
Nə üçün qeyri–qanuni?
- Ona görə ki, bir qədər öncə qeyd etdiyim ki yerli qanunvericilik Qeydiyyat qaydalarının, müvafiq qurumun formalaşmasının, bir sözlə bütövlükdə bu prosesin aidiyytaı qurumların birgə iştirakı ilə gerçəkləşməsini tələb edirdi. İndiki halda aidiyytaı olan iki qurumun rəhbəri olaraq deyə bilərəm ki, belə bir məktubun verilməsi ilə bağlı məsləhətləşmə olmayıb.
İCANN –a təqdim etmək üçün məktubu RİTN-dən İntarns şirkətinə kim verib
- Hazırda biz bu məsələni araşdırırıq. Əlbəttə, güman ki, nazir və ya müavinlər səviyyəsində bu məslə həll olunub.
- Osman müəllim, indiki situasiya nə yerdədir? Bəs siz RİTN rəhbərliyi ilə görüşlərinizdə bu problemin həlli ilə bağlı Təkliflər təqdim etməmisinizmi?
- Əlbəttə etmişik. Özü də dəfələrlə. Nazirlə olan görüşlərimizdə o, birmənalı olaraq bu prosesin yerli qanunvericiliyə və beynəlxalq normalara uyğun olaraq formalaşdırılmasının vacibliyini qeyd etmişdi. Lakin bir daha təkrar edirəm ki, bu istiqamətdə RİTN və aidiyyatı qurumların birgə iştirakı ilə aparılan proseslərə çoxdan 2 il olar ki, son qoyulub. Tamamilə qeyri-qanuni olaraq, aidiyyatı qurumalar müəyyən edilmədən, onların iştirakı olmadan yalnız RİTN tərəfindən bir Layihə ortaya çıxarılıb ki, o da Telekommunikasiya haqqında qanunun tələblərinə və beynəlxalq normala ziddir. Aidiyyatı qurum olaraq İnternetə dəxli olmayan qurumlar və şəxslər də bu prosesə cəlb olunub . Odur ki, biz indiki halda bu prosesdə iştirak etməyi məqsədəuyğun hesab etmirik.
Təkliflərimizi cənab Nazirə təqdim etmişik. İlk öncə aidiyyatı qurumların kimliyi məsələsinə aydınlıq gətirilməli, Qanunvericilikdə nəzərdə tutulduğu kimi bu qurumların iştirakı ilə ortaq bir Layihə hazırlanmalı və aidiyyatı qurumların iştirakı ilə qeydiyyat prosesini tənzimləyən ictimai –kollegial bir qurum formalaşdırılmalıdır.
Bunların reallaşacağına ümid edirsinizmi?
- Heç kim təsəvvür etməzdi ki, kifayət qədər demokratik imicə malik indiki nazirin dövründə domenlərin qeydiyyatı ilə bağlı RİTN tərəfindən Qanunlara və İnternet ictimaiyyətin maraqlarına bu dərəcədə sayğısızlıq olsun. Axı hamı şahiddir ki, bir daha təkrar edirəm ki, İnternet ictimaiyyəti uzun müddətdir ki, bu prosesin normal bir məcraya yönəldilməsi istiqamətində mübarizə aparırdı. Qeyri-qanuni olaraq kiməsə hüquqi səlahiyyət əldə etməklə bağlı məktub vermək, icra strukturunun nəzarətində olan formal qurum formalaşdırmaq görəsən nəyə lazım idi. Bəlkə də mən ifrata varıram. Çünki artıq özüm bir neçə dəfə şahidi olmuşam ki, nazir səviyyəsində razılaşdırılan bir sıra məsələlər müavin səviyyəsində, sadəcə desək qəbul edilməyib.
Ümumiyyətlə son dövrlərdə RİTN –nin aparatında anlaşılmaz bir mühit formalaşıb desəm, yəqin ki, yanılmaram. Səlahiyyətlərin bölgüsü ilə bağlı, vətəndaş cəmiyyəti ilə münasibətlərin qurulması, faydalı müzakirələrlə bağlı vəziyyət xeyli anlaşılmaz olub. Əvvəlki illərdə dövlət-özəl –vətəndaş cəmiyyəti subyektlərinin birgə iştirakı ilə keçirilən və xeyli faydalı olan müzakirələrdən əsər-əlamət qalmayıb. Son iki ildə belə müzakirə xatırlamıram. Lakin son günlərdə baş verənlər düşünməyə əsas verir ki, hələdə ümid var. Uzun müddət ciddi bir problemə çevrilən İnternet qiymətləri ilə apardığımız mübarizəni siz bilirsiniz.
Müşahidələrimiz göstərir ki, Nazirlikdə birdən-birə bu sahədə ciddi dönüş yarandı. Görünür burada İnternet sahəsi ilə bağlı qərarların icrası mexanizmlərində dəyişikliklər baş verib. Artıq bildiyiniz kimi bu sahədə ciddi uğurlar əldə olunub.
Odur ki, biz ümid edirik ki, cənab nazir fəaliyyətə başladığı ilk dövrlərdə elan etdiyi kimi milli internet ünvanları beynəlxalq normala və yerli qanunvericiliyə uyğun olaraq legitimləşdirilməsi istiqamətində qəti addımlar atılacaq.
Günel
Xeberler.az