Fontu böyüt:
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ümummilli dəyərlərin qorunması ilə bağlı telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib.
Şou-bizneslə bağlı verilişlər telekanallarda həddindən artıq çox verilir və əhalinin haqlı narazılıqlarına səbəb olur. Bu məsələ ictimai müzakirələr zamanı da tez-tez səslənir. Bildiyiniz kimi şura telekanalların yaradıcılıq işlərinə, peşə fəaliyyətinə qarışmır. Amma biz ümummilli dəyərlərin qorunması ilə bağlı telekanallara təsir imkanlarımızın artırılması üçün bir sıra təkliflər vermişik, - deyə bu gün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib.
Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də Azərbaycan qəzetində dərc olunan Azərbaycanın efir məkanı: problemlər və vəzifələr sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib.
Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.
Məhərrəmlinin sözlərinə görə, şura bunu istiqamətverici yazı kimi dəyərləndirir və öz səlahiyyətləri çərçivəsində bununla bağlı işini daha da gücləndirəcək.
Onun fikrincə, dövlətin, ictimaiyyətin, ekspertlərin və telekanalların rəhbərləri ilə aparılan söhbətlər ciddi dönüşə səbəb olacaq.
Telekanalların dəyər və mənəviyyatla bağlı konsepsiyasının hazırlanmasına gəldikdə, Məhərrəmli deyib ki, bu sənədin hazırlanması bir qədər çətin məsələdir.
Nəyin milli dəyər olub-olmadığının müəyyənləşdirilməsi ekspertlər arasında həmişə ciddi müzakirəyə və mübahisəyə səbəb olur. Ona görə də xususi bir konsepsiyanın hazırlanması çətindir. Amma hər bir televiziya kanalının özünün konsepsiyası olmalıdır, - şura sədri vurğulayıb.
Məhərrəmlinin sözlərinə görə, şura qeyri-hökumət təşkilatları, eləcə də başqa vasitələrlə telekanallarda çalışan jurnalistlərin peşəkarlığının artırılması üçün treninqlər təşkil etməyə çalışacaq.
Bu cür treninqlər həm xəbər, həm də tok-şou aparıcıları üçün vacibdir. Biz öz tələblərimizi də telekanalların qarşısında qoymalıyıq, - şura sədri qeyd edib.