Fontu böyüt:
Vüsalə Mahirqızı: “Artıq insanlar istəyirlər ki, informasiya onların yanlarında, ciblərində olsun ”
2013-cü ilə kimi dünya əhalisinin yarıdan çoxunun mobil telefon abunəçisi olacağı proqnozlaşdırılır. Azərbaycanda da bu sahə sürətlə inkişaf edir. 2011-ci il yanvarın 1-ə olan məlumata əsasən, ölkədə 9 milyon 158 min 19 mobil telefon istifadəçisi var. Mobil rabitə ölkənin demək olar ki, bütün ərazisini və demək olar ki, bütün əhalini əhatə edir.
Bir sözlə, mobil rabitədən istifadə kütləviləşir. Mobil rabitənin kütləviləşməsi isə təbii olaraq həm mobil rabitə operatorları arasında rəqabəti gücləndirir, onları daha müasir texnologiyaların tətbiqinə sövq edir, həm də bu kütləvilik mobil rabitənin tətbiqi sahələrinin artmasına yol açır. Mobil rabitə media üçün də geniş imkanlar vəd edir. Bəs Azərbaycan mediasında mobil rabitənin imkanlarından nə dərəcədə istifadə olunur?
İşimiz yüngülləşir...
İlkin mərhələdə informasiyanın hazırlanması və ötürülməsi işi ilə sadə jurnalistlər məşğul olduğu üçün mobil rabitənin imkanları ilə bağlı ilk sualımızı Vesti.az portalının müxbiri Vəfa Fərəcovaya ünvanladıq. Həm də ona görə ki, bu gün informasiyanın sürətli hazırlanması və ötürülməsi sahəsində ciddi rəqabət məhz portallar, informasiya agentlikləri və bir sıra qəzetlərin internet versiyaları arasında gedir.
Vəfa Fərəcova deyir ki, hazırda operativ məlumat ötürmək məsələsində mobil rabitə dada yetir, mobil telefon olmayan zaman informasiyanın ötürülməsində vaxt itkisi qaçılmaz olub: “Hadisə yerindən redaksiyaya gəlib yazmaq həm jurnalistin yorğunluğuna yol açır, həm də yazının keyfiyyətinə təsir edirdi”.
Vesti.az-ın müxbiri Azərbaycanda mobil rabitənin imkanlarından mediada 2000-ci ildən sonra istifadə edilməyə başladığını söyləyir. 2000-ci ildən əvvəl mobil telefon hər kəsdə olmayıb, jurnalistlər də maaşları ilə mobil telefon almaqda çətinlik çəkiblər. 2000-ci ildən sonra mobil telefonların qiymətinin enməsinin müşahidə olunması ilə hər ikinci, üçüncü şəxs, o cümlədən jurnalistlər də mobil telefon almaq iqtidarında olur. O, mobil operatorların internet xidmətləri istifadəyə verildikdən sonra mobil telefon KİV üçün əvəzedilməz vasitəyə çevrildiyini qeyd edir: “Çünki biz artıq istədiyimiz an məlumatı iki kəlmə də olsa, yazıb internet vasitəsi ilə ötürə bilirik. Bəzən mobil telefon noutbukdan operativ olur. Mobil operatorların MMS xidməti də çox vacibdir. Tutaq ki, Azərbaycanın bir ucqar bölgəsində bir hadisə baş verib. Oradan internetlə belə şəkil göndərmək vaxt tələb edir. Ancaq mobil telefonla zəng açıb, 2 kəlmə xəbər demək, eyni zamanda orada şəkil çəkib, MMS vasitəsi ilə göndərmək mümkündür. Mobil operatorlar işlərini püxtələşdirdikcə bizim də işimiz də bir o qədər asanlaşır. Amma təəssüflər olsun ki, bəzi mobil operatorlarda MMS xidməti bir az axsayır”.
Mobil operatorların datakartları da jurnalistlərin işini yüngülləşdirir. Vəfa Fərəcova xüsusən səfərlər zamanı reportajlar yazarkən bunun jurnalistlərin köməyinə çatdığını bildirir: “Yazını ucqar bölgədə noutbukda rahat yazıb, datakartdan istifadə edib internetə qoşulmaqla reaksiyaya göndərə bilirik. Bu da işimizin asanlaşmasına gətirib çıxarır”.
Vəfa Fərəcova mobil rabitənin inkişafında növbəti mərhələ olan 3G-yə də toxunub. Onun sözlərinə görə, 3G Azərbaycanda çox yayılmayıb, məşhurlaşmayıb. Ancaq hesab edir ki, mobil əlaqə, MMS xidmətindən istifadə Azərbaycanda necə tədricən yayılıbsa, 3G də yayılacaq: “Hələ Azərbaycanda mobil operatorların hamısında, o cümlədən mənim abunəçisi olduğum operatorda da bu xidmət yoxdur. Mobil operatorların hamısında bu xidmət istifadəyə verilərsə, o zaman 3G-dən istifadə də kütləvi hal alacaq. O halda xaricdə olan bir şəxslə telefonda görütntülü söhbət edə, müsahibin üzünün cizgilərini, verilən suala reaksiyasını da görə biləcəyik. Bu jurnalistika üçün vacib amillərdən biridir”.
Ciddi saytlar mobil versiyalarını hazırlayırlar
Bəs media qurumlarının rəhbərliyində yer alan şəxslər mobil rabitənin imkanlarını necə qiymətləndirir, bu imkanlardan istifadə yönündə hansı addımlar atırlar?
APA Qrupun baş direktoru Vüsalə Mahirqızı hesab edir ki, xüsusən internet mediada mobil rabitə bu gün əsas vasitələrdən birinə çevrilib. Artıq insanlar istəyirlər ki, informasiya onların yanlarında, ciblərində olsun. Kompüterlər ağır vasitələrdir, hətta noutbukları, kiçik netbukları belə daşımaq problem yaradır. Ona görə də insanlar mobil versiyaları telefonlardan oxumaq istəyirlər. Vüsalə Mahirqızı artıq bütün ciddi saytlar özlərinin mobil versiyalarını hazırlamasına diqqət çəkir. Mobil telefon vasitəsilə bu saytlara girəndə açılma, yüklənmə problemi yaranmır, internetin vəsait yazması çox minimal həddə olur. APA Qrupa daxil olan bütün saytların mobil versiyaları var: “Saytların mobil versiyası o deməkdir ki, biz saytları həmin mobil texnologiya ilə uyğunlaşdırırıq. Kompüterdə saytı necə izləyirsənsə, mobil telefonda da o cür xəbərləri izləyir, bütün şəkillərə baxırsan. İstəyirik ki, saytlarımız internet texnologiyalarında olduğu kimi mobil texnologiyalarda da o cür asan oxunsunlar. m.apa.az, m.lent.az, m.vest.az və m.apasport.az adı ilə bizim saytların hamısının mobil versiyası var. Digər tərəfdən, bu gün ‘iPad”, “iPhone” smartfonları var. “Samsung”, “Nokia” və digər şirkətlərin istehsalı olan smartfonlar da var. Bunlar həm kompüter, həm də telefon kimi funksiyalara malikdirlər. Yəni həm mobil informasiya vasitəsi, həm də mobil kommunikasiya vasitəsi kimi fəaliyyət göstərirlər. Saytların mobil versiyalarının wap versiyalardan daha asan açıldığını da qeyd etmək lazımdır. Onu da deyim ki, bizim saytların hamısının wap versiyaları da var. Hesab edirəm ki, gələcəkdə tamamən mobil versiyalara üstünlük veriləcək”.
Xəbərlərin ötürülməsini sürətləndirmək üçün əməkdaşların “iPad”-larla təmin edilməsi üzərində düşündüklərini nəzərə çatdıran APA Qrupun baş direktoru “Facebook” və “Twitter” kimi sosial şəbəkələri izlədiyini söyləyir: “Görürəm ki, orada bir çox insanlar hətta küçədə qarşılarına çıxanı, onlar üçün xəbər və informasiya sayılan məlumatları mobil telefon vasitəsi ilə dərhal “Facebook”-da yerləşdirirlər. Ona görə də media qurumlarının əməkdaşlarını da mobil rabitənin yeni imkanlarından istifadəsi üçün şərait yaratmaq lazımdır”.
“Yavaş-yavaş hər şey telefonumuza, cibimizə daşınacaq”
Azərbaycanda elektron ticarət hələ geniş yayılmasa da, inkişaf etdiyini bildirən Vüsalə Mahirqızına görə, bu da KİV-lərin inkişafına öz təsirini göstərəcək. Söhbət mobil versiyalar vasitəsi ilə SMS-lərin göndərilməsindən, müəyyən hadisələr haqqında xəbərlər, elanlar verilməsindən gedir. O, Azərbaycanda hələ geniş yayılmayan, amma inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə də geniş yayılmış bir xidmətə diqqət çəkir: “Qonşu Türkiyədə informasiya agentlikləri ilə mobil rabitə operatorları müqavilələr imzalayırlar və günün önəmli xəbərlərini paketə abunə olan istifadəçiyə göndərirlər. Biz bir müddət “Azercell” şirkəti ilə bu üsulla işlədik. O zaman saytların hələ mobil versiyaları yox idi. Biz abunə vasitəsi ilə gündəlik hava proqnozunu, insanları maraqlandıran xəbərləri göndərdik. İstehlakçı, istifadəçi istəyirsə, abunə olub, həmin paketi ala bilər. Əslində, xaricdə bu, qəbul olunmuş bir qaydadır. Məsələn, yollarda hərəkətin məhdudlaşdırılması barədə saytlarda yazılır. Kimsə hansısa saytı oxumaya və bu xəbəri görməyə bilər. Amma ölkədə olan mobil rabitə xidmətləri ilə medianın əlaqə saxlayıb, Bakı şəhərində qeydiyyatda olan istifadəçilərə belə bir mesaj göndərmək mümkündür ki, sabah Bakının hansı yollarında məhdudiyyətlər olacaq. Yaxud Bakının hansı rayonlarında su təminatında məhdudiyyətlər olacaq. Əslində gələcəkdə bunu da tətbiq etmək olar. Mən təklif edərdim ki, Azərbaycandakı bütün saytlar özlərinin mobil versiyalarını yaratsınlar. Bu, onların daha çox oxunmasına gətirib çıxara bilər. Əslində, görünən gələcək odur ki, biz sürətlə onlayn ödəmələrə keçəcəyik. Evdə qaz, işıq pulunun, müxtəlif sosial və kommunal xidmətlərin onlayn, hətta mobil rabitə vasitəsi ilə ödənilməsi gündəmdədir. Yavaş-yavaş hər şey telefonumuza, cibimizə daşınacaq. Bir dəfə Avropa alimlərinin bir tədqiqatını oxudum. Onlar qeyd edirlər ki, elə bir vaxt gələcək ki, telefon vasitəsi ilə qapıların bağlanılması, elektrikin, qazın evdə idarə olunması, yəni hər şey bir telefona yığılacaq. İnsan bir telefon vasitəsi ilə məişət, ictimai və siyasi idarəetməni həyata keçirə biləcək. Biz o gəlişməyə doğru gedirik”.
3G-nin imkanlarının öyrənilməsinə ehtiyac var
APA Qrupun baş direktoru 3G-nin imkanlarına da toxunub. Onun sözlərinə görə, 3G-ni hələ Azərbaycan mediasının öyrənməsinə ehtiyac var. Vüsalə Mahirqızı hesab edir ki, 3G Azərbaycanda o vaxt aktual olacaq ki, internet televiziyalar yaranacaq. Düzdür, bizdə rüşeym halında 1-2 nümunə var. Amma onlar Wep TV-dən daha çox “Yotube” formasında fəaliyyət göstərirlər. Orada canlı efir verilmir, müəyyən fraqmentlər çəkilərək ora yerləşdirilir: “3G-nin imkanlarından o zaman istifadə ediləcək ki, Wep televiziyalar olacaq, saytlarda canlı bölmələr yaradılacaq. Əslində 3G-nin gəlişindən sonra Azərbaycanda Wep TV-lərin yaranması çox adi bir şeydir. 3G çox mütərəqqi bir şeydir. İndi Azərbaycanda bir mobil operator 3G xidməti göstərir. Ümid edirəm ki, yaxın vaxtlarda digər mobil operatorlar da 3G xidmətləri göstərə biləcəklər. İndiki halda mən Azərbaycanda 3G-nin tutumunun necə olduğunu bilmirəm, biz ondan istifadə etməmişik. Ümumiyyətlə, hesab edirəm ki, 3G mütərəqqi bir addımdır. Əslində gələcəkdə mediamız bundan çox istifadə etməlidir. Xüsusi ilə bu, televiziyalara, elektron mediaya aiddir. Bir telefon vasitəsilə istənilən çəkilişi çəkib, qarşı tərəfə ötürə bilirsən. Keyfiyyətdə problem yarana bilər, əsas xəbəri ötürməkdir. Əlbəttə, telefon vasitəsi ilə çəkilmiş bir çəkiliş bir çəkiliş peşəkar kamera ilə çəkilmiş çəkilişin effektini verə bilməz. Amma bugünkü əsirimizdə əsas məsələ olayı və xəbəri birinci duymaq və operativ çatdırmaq! Ancaq mən sosial şəbəkələrdə də monitorinq aparıram. Hələ ki, 3G-nin xidmətindən sosial şəbəkələrdə xalq mediasının nümayəndələri də istifadə etmirlər”.
İnkişaf mərhələləri
APA Qrupun baş direktoru mobil rabitənin imkanlarından istifadə ilə bağlı zaman-zaman Azərbaycanda müşahidə olunan mənzərəyə də diqqət yetirməyi zəruri sayır. 1997-1998-ci ildə, mobil rabitənin Azərbaycana gəldiyi ilk vaxtdan 2004-2005-ci illərə kimi mobil rabitə Azərbaycan mediası üçün yalnız xəbər alma vasitəsi olub. 2005-ci ildən sonra saytların mobil versiyaları yaranıb. Beləliklə, təkcə danışaraq informasiya almaq yox, həm də mobil rabitə vasitəsi ilə informasiya oxumağa, qəbul etməyə başlamışıq. SMS-ləşmə fəallaşıb: “Bu gün mobil telefonlar vazkeçilməz vasitədir. O yoxdursa, elə bil ki, həyatınızda çox ciddi şeylər boşluqdadır”.
Vüsalə Mahirqızı qeyd edir ki, son iki illik mərhələnin də öz özəlliyi var. Bu illər ərzində sosial şəbəkələrə, çatlara mobil telefonlar vasitəsi ilə qoşulmaq, orada iştirak etmək mümkün olub. Xüsusən “Blackberry”, “Nokia” və “Samsung”un yeni versiyalarının, “iPad”-ın gəlişindən sonra mobil rabitə bizə tək xəbər oxumaq yox, həm də xəbər yazmaq üçün lazım olub: “Bunun vasitəsi ilə xəbər dünyasına daxil olmağa, məlumatları, şəkilləri paylaşmağa başlamışıq”. APA Qrupun baş direktoru hesab edir ki, qarşıdakı mərhələ 3G-nin gəlişindən sonrakı mərhələ olacaq: “Mən Azərbaycanı nəzərdə tuturam, dünyanın inkişaf etmiş bir sıra ölkələrində artıq 3G-nin imkanlarından geniş istifadə edilir. 3G-dən istifadə edib, internetdə tək yazmaq yox, həm də görüntü yaymaq geniş yayılacaq. Wep TV-lərin yaranması sürətlənəcək. Növbəti mərhələ budur. Daha sonrakı mərhələ isə hər şeyin daha böyük üstünlüklə mobil telefonlara keçməsi mərhələsidir. Necə bu günləri kompüter televiziyanın əlindən üstünlüklərini ala-ala gedir, düşünürəm ki, bu sürətlə getsə, yaxın bir neçə il ərzində mobil rabitə də kompüterlərin üstünlüklərini əlindən alacaq”.
“Azərbaycanda bütün mobil operatorların 3G xidmətlərini
yaratması vacidir”
Bəs informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərin müşahidələri necədir? Azərbaycan mediasının inkişafında mobil rabitənin imkanlarından istifadə qənaətbəxş səviyyədədirmi?
“GoldenPay” şirkətinin direktoru Fərid İsmayılzadə deyir ki, Azərbaycanda bir neçə saytın mobil versiyası olsa da, hələ mobil versiyalardan geniş istifadə olunmur: “Telefonlar üçün hazırlanan xüsusi proqram təminatı isə bir az bahalı olur. Başqa sözlə desək, bunun üçün gərək “Blackberry”, “iPhone”, “Google Android”, “Windows Mobile 7” və bu kimi smartfonlara və platformalara uyğun proqram təminatları yazılsın sonra isə bu bəlli saytlarda yerləşdirilsin, reklam edilsin və yalnız bundan sonra camaat da 10, 20 dollar ödəyərək bu proqramı telefonuna yükləyib sizin saytı daha rahat izləsin”.
Fərid İsmayılzadə məhz mobil rabitənin imkanlarından istifadə sayəsində bu gün dünyada “Facebook”-un ciddi xəbər qaynağına çevrilməsinə də diqqət çəkir: “Hansısa bir hadisə, qəza baş verəndə sosial şəbəkədə olan istifadəçilər bunu səhifələrində yazırlar. Tutaq ki, bu gün Suriyada xarici KİV-in fəaliyyəti qadağan edilib, amma ki, Suriyada baş verənlər mobil telefonla çəkilib, sosial şəbəkələrə qoyulur. Yaxud prezident İlham Əliyevin gənclərlə görüşü barədə heç bir informasiya agentliyində xəbər yox idi, amma o görüşdə iştirak edən gənc dostlarım sosial şəbəkələrdəki səhifələrində görüşlə bağlı yazmışdılar. KİV-də məlumat çıxana qədər mən artıq o görüşdə nə olub bitdiyini əzbər bilirdim. Deməli, media qurumları rəqabət aparmaq üçün mobil rabitənin imkanlarından daha geniş istifadə edib, informasiyanın daha tez və sürətli çatdırılmasına çalışmağa məcburdurlar”.
“GoldenPay” şirkətinin direktoru Azərbaycanda bütün mobil operatorların 3G xidmətini yaratmasını da vacib sayır və bunun medianın inkişafına ciddi töhfə verəcəyini dilə gətirir: “3G hər şeydən əvvəl sürətli internet deməkdir. Azərbaycanda 3 mobil operatordan yalnız birində 3G var. Bu gün Azərbaycanda mobil operatorlarda istifadə olunan sistemin verə biləcəyi internetin sürəti səhv etmirəmsə, 256 kilobaytdır. 3G ilə isə 8 meqabitə qədər sürət ola bilir. 3G-nin tətbiqi KİV nümayəndələrinə informasiyanın daha sürətlə ötürməyə imkan verəcək. 3G üzərindən kamera ilə artıq canlı videogörüntü də yayımlamaq mümkün olacaq. Siz haradasa çəkiliş aparırsınızsa, kameranı 3G-yə bağlayıb, canlı yayım apara biləcəksiniz. 3G kabelsiz bağlantıda yüksək sürət vəd edir. Yəni ən böyük rahatlıq odur ki, telefon hər yerdə tutur, deməli hər yerdən internetə bağlanmaq olar. Ancaq bu gün halda siz bir yerdən canlı görüntü vermək istəyirsinizsə, ora böyük maşınlar gəlir, peyk antenası qurulur, kabellər çəkilir və s... 3G olanda isə sadəcə bir kamera ilə bu işi görəcəksiniz. İstədiyiniz yerdən görüntü göndərə biləcəksiniz. Yaxud yazını yazıb, 5 dəqiqəyə göndərəcəksiniz. Tutaq ki, mətbuat konfransındasınız, 3G yoxdursa, videogörüntünü göndərmək saatlar ala bilər. Amma 3G olanda, xəbərin göndərilmə operativliyi artacaq. Biz məlumat alanlar üçün də rahat olacaq. Daha sürətli internetə bağlanıb, daha çox məlumat ala biləcəyik. 3G həm qeyri-ənənəvi xəbər yayımına da təsir edəcək. “Twitter” və ya “Facebook” kimi şəbəkələrdən məlumat ötürülməsi sürətlənəcək. Ümumiyyətlə, müasir dövrdə medianın inkişafının əsasında mobil rabitənin inkişafı, təkmilləşməsi dayanır”.
/// lent.az