Fontu böyüt:
Martın 15-də"Startup Azərbaycan 2014" Təşkilat Komitəsinin toplantısı keçiriləcək.
"StartupAzərbaycan"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, toplantıda cari ildə "Startup Azərbaycan" çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər, Startup müsabiqəsinin elan edilməsi, Milli Konfransın təşkili, Startup Günləri ilə bağlı işlər və digər təşkilati məsələlər müzakirə olunacaq.
"Startup Azərbaycan" çərçivəsində startupçılar üçün təlimlərin, investorlarla görüşlərin və startup görüşlərinin cari ilin mart – iyun ayları arasında keçirilməsi nəzərdə tutulub.
"StartUp Azərbaycan"layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı internet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
İnnovativ ideya dedikdə, əsasən, informasiya texnologiyalarından effektiv istifadə edilməklə hər hansı məhsul və ya xidmətin təqdim edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur.
Təqdim edilən layihələrin son məqsədi real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinəistiqamətləndirilməlidir. Mümkündür ki, hansısa mövcud biznes-ideyalar üzrə layihələr təklif olunsun, belə halda təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.
Layihələr elmi tədqiqat, araşdırma tipli olmamalıdır. Bu tip layihələr "StartUp Azərbaycan" çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.
Biznes layihələri bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.
Müsabiqəyə həm qlobal və həm də yerli şəraitdə istifadə oluna biləcək layihələr verilə bilər.
"StartUp Azərbaycan" çərçivəsində yarışmalarda iştirak edən startupların ekspert qiymətləndirilməsi təşkil olunur.
"StartUp Azərbaycan" yalnız yarışmadan ibarət deyildir. Layihə çərçivəsində startapçılarüçün təlimlər təşkil olunur, investorlarla görüşlər keçirilir. Startaplara komanda formalaşdırmağa köməklik göstərilir. İnternet-biznesə başlamaq istəyənlər üçün layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.
"StartUp Azərbaycan" uğurlu internet layihələrinə maliyyə, dəstək əldə olunmasına, investorlarla görüşlərə, yerli və xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə yardım edir.
"StartupAzərbaycan" öz yeni internet-biznesini yaratmaq istəyənlərə arzularının gerçəkləşdirilməsi, sərmayə tapılması, biznesin idarə edilməsi istiqamətində yardımçı olmağı düşünür.(ICTnews)