Fontu böyüt:
Azərbaycanın ilk CDMA rabitə operatoru olan «Catel» şirkətinin «Fonex» ticarət nişanına məxsus www.fonex.az adlı veb-saytı hakerlər tərəfindən dağıdılıb.
«APA-ECONOMICS»in məlumatına görə, özlərini «Qara Papaqlılar» (Black Hats) ləqəbli iranlı hakerlər adlandıran qrup saytı dağıdaraq səhifədə ingilis dilində amerikalı və israillilərin iştirak etdiyi şirkətlərin saytlarının dağılacağı barədə məlumat yerləşdirib: «Siz mənim hədəfimdəsiniz. Fələstin uşaqlarının qanı yerdə qalmayacaq. Sizin işğalınıza cavab olaraq xatırladıram ki, bir gün ərəblər zəfər çalacaqlar».
«Catel» şirkətinin Bakıdakı baş ofisindən isə «APA-ECONOMICS»ə veb-saytın dağıdılması barədə məlumatlı olduqlarını bildiriblər. Şirkətdən verilən məlumata görə, sayta hostinq xidmətləri yerli «Digital Stream» şirkəti tərəfindən göstərilir. Ötən il mart ayının 26-da bu şirkətlə hostinq xidmətlərinin göstərilməsinə dair 1 illik müqavilə imzalanıb. Hazırda veb-saytın bərpası istiqamətində iş aparılır.
Qeyd edək ki, 1997-ci ildə yaradılan «Catel» şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir. «Catel» Azərbaycanda müştərilərə telefon, faksimil, İSDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsi qurub.
Xatırladaq ki, 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlər göstərmək məqsədilə telekommunikasiya bazarına «Fonex» ticarət nişanını çıxarıb.