Fontu böyüt:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, loqo dizaynı özündə nazirliyin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir. Loqo orijinal, rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.
Qalib gəlmiş loqo istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.
Təqdim olunan loqotiplərin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə), vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya)) olmalıdır.
Təklif olunacaq eskiz və layihələr mayın 15-dək "[email protected]" e-mail ünvanına və ya Zərifə Əliyeva 33, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə göndərilməlidir.
Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 meqabaytdan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.
Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.
Təqdim olunan təkliflərə komissiya tərəfindən mayın 20-dək baxılaraq müsabiqənin qalibi elan olunacaqdır.
Müsabiqənin qalibinə 3 min manat məbləğində mükafat təqdim ediləcəkdir. (AzərTAc)