Fontu böyüt:
Sumqayıtda ali, orta-ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında keçirilən “Gənc informatiklər” müsabiqəsində iştirak etmək üçün bu il 600-dən çox şagird və tələbə ərizə ilə müraciət edib. Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin xeberler.az-a verdiyi məlumata ərizəçilərdən 242 nəfəri internet səhifələrin, 226-sı təqdimat işlərinin, 67-si bloqların hazırlanması üzrə müsabiqədə iştirak edib, 72 nəfər ibtiadi sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə aparıb.
Builki müsabiqədə Sumqayıt şəhər məktəbliləri və tələbələri ilə yanaşı, Abşeron, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından da şagirdlər iştirak edib. Müsabiqə istiqamətlərdən asılı olaraq, fərdi qaydada və komandalar arasında keçirilib.
Müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır. Sumqayıt şəhərində əsası 2008-ci ildə qoyulan bu müsabiqə artıq ənənəvi olaraq hər il keçirilir.
“Elektron təhsil” Respublika müsabiqəsinin tərkib hissəsi olan və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Bestcomp şirkəti və Qafqaz Universiteti təşkilati dəstək göstərirlər.