Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan dilində yazılmış mətnlərin səsləndirilməsi proqramının hazırlanması üçün əlavə elmi tədqiq işlərini başa çatdırıb.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin sözlərinə görə hazırda bu istiqamətdə işlər görülür.
“Demək olar ki biz artıq məsələnin elmi tərəfini başa vurmuşuq və bizə təklif olunan metodların həyata keçirilməsinə başlamışıq. Hazırda layihə ilə bağlı fikirlərimizi yekun nəticəyə gətirmək üçün proqramçılarla müəyyən işlər aparılır. Belə fikirləşirəm ki, bir neçə aydan sonra bu işləri başa çatdırmaq olacaq. Layihənin icra müddəti proqramçılardan asılıdır”, - deyə R. Əliquliyev bildirib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi veb resursunun Fineko/abc.az-a istinadən yaydığı məlumata əsasən,proqram ilk növbədə kor və zəif görmə qabiliyyətli vətəndaşların kompüterdən istifadə imkanlarının təmin edilməsi üçün hazırlanır.
Proqram təminatı mətnlərin səsləndirilməsi, xüsusi kompüterləşdirilmiş kitabxananın yaradılması və digər istiqamətlər üçün istifadə olunacaq. Bu gün Respublikada 320 min əlil var. Onlardan 30 mindən çoxu kor və zəif görmə qabiliyyətli insanlardır, bunların 6 mini isə uşaqlar təşkil edir.