Fontu böyüt:
Azərbaycanın aparıcı mobil rabitə operatoru «Azercell Telecom» şirkəti gələn il ərzində bir neçə yeni xidmətlərini abunəçilərin istifadəsinə verəcək.
Bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Əli Ağan bildirib. Onun sözlərinə görə, yaxın iki ay ərzində «Azercell» şirkəti «Location Base Services» (LBS) xidmətini istifadəyə verəcək və abunəçilər müvafiq şəbəkə dairəsində güzəştli tariflərlə danışa biləcək.
Ə.Ağan onu da bildirib ki, 2011-ci il ərzində «Azercell» şirkəti «Mobil pul kisəsi» xidmətini istifadəyə verəcək və sözügedən xidmətdən alış veriş, müxtəlif ödənişlər, həmçinin qapı açarı kimi istifadə edilə biləcək: «Bunun üçün biz yeni sim-kartlar buraxacağıq». «Azercell» gələn il ərzində həmçinin «Friend Finder» («Dostun Axtarışı») xidmətini də istifadəyə verəcək ki, bu xidmət vasitəsilə insanlar istədiyi abunəçini (qarşı tərəfin razılığı olarsa) axtarıb yerini tapa biləcək.
«Azercell»in rəsmisi onu da qeyd edib ki, artıq dekabr ayında şirkət «GPS Naviqasiya» xidmətini də istifadəyə verəcək: «Bu xidmətin istifadəçiləri ətraf yollar barədə tam məlumat ala biləcək, həmçinin onların telefonunda yollardakı tıxaclar, təmir və ya digər səbəblərdən bağlanmış yollar barədə məlumat birbaşa göstəriləcək».