Fontu böyüt:
Azərbaycanın mobil operatorları
SMS-in köməyi ilə avtomobillərin parklanmasına görə ödəniş xidmətinin
göstərilməsi üzrə texniki imkanı nəzərdən keçirir. Bunu trend-ə Azərbaycanın
telekommunikasiya bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, gələcəkdə
reallaşdırılması planlaşdırılan layihə hazırda müzakirə mərhələsindədir və onun
işə salınması üçün vaxt lazımdır.
Mənbə qeyd edib ki, əsas şərt
mikroödənişlər məsələsinin necə həll ediləcəyi və parklamaya görə ödəniş üçün
hansı alətlərdən istifadə olunacağıdır: "SMS-in köməyi ilə parklama
ödənişinin iki variantı var. Birincisi, bilavasitə abonent balansından
parklamaya görə ödənişi, ikincisi isə mobil ödənişlər servisinin, yəni bank
hesabının köməyi ilə ödənişləri nəzərdə tutur".
İkinci metod operatora son
istifadəçi ilə birbaşa işləməyə imkan vermir, çünki o, maliyyə strukturu deyil.
Operator təcrübədə bank strukturu ilə müqavilə bağlayır və daxil olmuş vəsaiti
onun hesabına köçürür. Bank isə öz növbəsində, vəsaiti parklama ilə bağlı
qarşılıqlı ödənişlərə cavabdeh olan strukturun hesabına köçürür.
Mənbə əlavə edib ki, ikinci variant daha məqbuldur və hazırda kommunal və digər xidmət növləri üzrə ödənişlər bu cür həyata keçirilir: "Operatorlar abonentlər və pullu parklama servisinin işinə cavabdeh olan sistemlər arasında informasiya mübadiləsinin təşkili üçün istifadə edilə bilən qısa nömrə təqdim etməyə hazırdırlar".