Fontu böyüt:
Genişzolaqlı internet xidmətlərinin tətbiqinin sürətləndirilməsi, abunəçilərin bu xidmətlərdən istifadəsi zamanı rahatlıqlarının təmin olunması məqsədilə “Aztelekom” İstehsalat Birliyinin strukturunda Marketinq və Xidmətlərin Satışı Şöbəsinin bazasında Marketinq və Satış Departamenti yaradılmış, struktur müəssisələrdə də texniki və xidmət personalından ibarət marketinq qrupları təşkil edilərək fəaliyyətə başlayıb.
“İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin keçirilməsinə, həmçinin, genişzolaqlı internetdən istifadənin stimullaşdırılması məqsədilə “Birinci ay qoşul, ikinci ay pulsuz”, “3 ay əvvəlcədən ödə, 4-cü ay pulsuz”, “sürətin iki dəfə artırılması”, “4096 kbit/san sürətli internetə qoşulan hər istifadəçiyə əvvəlcədən ödəniş kartı (TAC kart) hədiyyə”, “Tələbələrə yay sevinci”, “Gözləmə tarifi” və s. kimi kampaniyalara start verilmişdi.
“Aztelekom” İstehsalat Birliyinin şəbəkəsində genişzolaqlı internet xidmətlərinin tətbiqinə əsasən 2005-ci ildə başlanıb. Keçən müddət ərzində inkişaf tempinin əsas zirvəsi 2012-2013-cü illərə düşür. Belə ki, 2012-ci ilin sonuna “Aztelekom.net” provayderinin internet abunəçilərinin sayı 60 minə, xidmət ərazisində fəaliyyət göstərən 26 özəl internet provayderin abunəçilərinin ümumi sayı isə 57 minə çatdırılmışdı. 2013-cü ilin noyabr ayında isə “Aztelekom.net” internet provayderinin abunəçilərinin sayı 100 minə, qlobal internetə (BGP – Border Gateway Protocol) çıxış 20 Gb/san sürətə çatdırılıb.
“Aztelekom” İstehsalat Birliyinin Marketinq və Satış Departamentinin bildirdiyinə görə, “Aztelekom.net” internet provayderinin yüz mininci istifadəçisi noyabrın 25-də şəbəkədə qeydiyyatdan keçmiş Tovuz rayonunun Xatınlı kəndinin sakini Alıyev Kamal Cavad oğludur. 100 mininci istifadəçiyə 6 ay müddətində internetdən ödənişsiz istifadə imkanı yaradılıb, ADSL modem və Tovuz TKQ-nin rəhbərliyi tərəfindən xatirə hədiyyələri bağışlanıb. Birliyin xidmət ərazisində fəaliyyət göstərən özəl internet provayderlərinin ümumilikdə aktiv istifadəçilərinin sayı isə 80 mini keçib.
Beləliklə, birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 75 min istifadəçi və ya 41,7% artaraq (o cümlədən “Aztelekom.net” şəbəkəsində 40 min və ya 70%) 180 minə çatıb. Hazırda “Aztelekom” İstehsalat Birliyinin şəbəkəsi üzrə (regionlarda) hər 100 ailədən 17,2-si, hər 100 abunəçidən 26,5-i genişzolaqlı xidmətlərin istifadəçisidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi tərəfindən yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının regionlarda aktiv tətbiqinə təkan vermək məqsədi ilə yaradılmış “Aztelekom.net” İnternet Provayderinin əsas vəzifəsi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanı təmin etməkdir.
2004-cü ilin sentyabr ayından fəaliyyətə başlamış, şəbəkəsinin qurulmasında dünyanın İKT sahəsi üzrə ixtisaslaşmış aparıcı istehsalçılarının yüksək keyfiyyətli sertifikatlaşdırılan və tələb olunan bütün lisenziyalara malik avadanlıqlarından istifadə olunan “Aztelekom.net” İnternet Provayderi hazırda Azərbaycanda bu sahədə fəaliyyət göstərən provayderlər arasında dəyişməz liderlərdən biridir. (ictnews.az)