Fontu böyüt:
Azərbaycan Nazirlər Kabineti «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» qərarında dəyişiklik edib.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliyə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə onlara yemək xərci üçün dövlət büdcəsindən aylıq müavinətlərin verilməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi («Qaçqınkom») ilə müvafiq müqavilə bağlamış müvəkkil bank tərəfindən ödəniş kartları vasitəsilə həyata keçiriləcək.
Eyni dəyişiklik «Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydası»nda da aparılıb. Dəyişikliyə əsasən, bundan sonra məcburi köçkünlərə mütəmadi pul yardımlarının (yemək xərci üçün verilən aylıq müavinət və s.) paylanılması «Qaçqınkom» ilə müqavilə bağlamış müvəkkil bank tərəfindən ödəniş kartları vasitəsilə olacaq.