Fontu böyüt:
«Mən bir daha təkrar edirəm ki, mobil operatorların dövlətə məxsus mülkiyyətdən , yəni tezlikdən istifadə haqqına görə RİTN-ə ödədikləri məbləğ dövlət büdcəsində öz əksini tapmalıdır»- Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti O.Gündüz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «Bizim yol» qəzetinə verdiyi açıqlamaya münasibət bildirərkən deyib.
Qeyd edək ki, RİTN-nin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «Bizim yol»a açıqlamasında müstəqil ekpert O.Gündüzü cəmiyyətə yalnış informasiya verməkdə günahlandıraraq onun bu məlumata görə məhkəmə önündə cavab verməli ola biləcəyini bildirib.
O.Gündüz isə bu açıqlamaya cavab olaraq RİTN-ni qeyri-şəffaf fəaliyyət göstərməkdə , açıqlanması məcburi olan informasiyaları yaymamaqda suçlayıb. Belə ki, İnformasiya əldə etmək haqqında qanuna müvafiq olaraq dövlət qurumları ictimaiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etməlidirlər: Mənim üçün maraqlıdır ki, mobil operatorlar tərəfindən hər ay RİTN-in kassasına(!) ödənilən 20 milyon manatdan çox vəsait niyə görə dövlət büdcəsində öz əksini tapmır? Çünki kassa(!) hələ büdcə demək deyil. Əgər RİTN bu məbləği dəqiq açıqlamaqdan boyun qaçırırsa onda niyə görə insanları qeyri-dəqiq informasiyada suçlayır? Bu mübahisələrə son qoymaq, ən əsası isə dövlət gəlirləri ilə bağlı şəffaflığı təmin etmək məqsədilə RİTN bu məlumatı tam şəkildə ictimaiyyətə açıqlamalıdır-deyə O.Gündüz bildirib.
Eyni zamanda Osman Gündüz RİTN sözçüsünün “Həmin informasiyalar dövlət sirridir” deməsini də absurd adlandıraraq bu açıqlamanın RİTN tarixində bəlkə ən anlaşılmaz bir addım olduğunu qeyd edib.