Fontu böyüt:
Bu gün Səbayel rayon Məhkəməsində Emin Milli və Adnan Hacızadənin barəsində başlanan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi təqsirləndirilənlərin barəsində çıxarılan həbs-qətimkan tədbirin dəyişdirilməsi, adıçəkilən şəxslərin sərbəst buraxılması, istintaqın isə davam etdirilməsi barədə vəsatət qaldırıb. Müşavirədən qayıtdıqdan sonra məhkəmə vəsatəti təmin etməyib. Sonra təqsirləndirilən şəxslərin vəkilləri Elton Quliyev və İsaxan Aşurovun vəsatətlərinə əsasən hadisə iştirakçılarını tibbi müayinə edən həkim-ekspert ifadə verib. Ekspert iyulun 9-da həm zərərçəkənləri, həm də təqsirləndirilənləri müayinə etdiyini deyib. Vəkillərin suallarını cavablandıran ekspert, tibbi-ekspertizanın rəyində ziddiyyətlərin olmadığını söyləyib. Müdafiə tərəfi hadisə baş verəndən sonra Səbayel rayon Polis İdarəsinin 9-cu və 39-cu polis bölmələrində prosesi izləyən 7 nəfərin əlavə şahid qismində məhkəməyə çağırılması barədə də vəsatət qaldırıb. Məhkəmə 7 nəfərdən yalnız Rəşadət Axundovun əlavə şahid qismində dindirilməsini təmin edib. Prosesdə ifadə verən Rəşadət Axundov iyulun 8-də Bakıdakı “Lebanese” restoranında baş verən davadan sonra E. Milli və A. Hacızadənin döyüldüyünü, o cümlədən onların üz nahiyələrində xəsarətlərin olduğunu bildirib. Məhkəmədə həmçinin qeyd olunub ki, şahid qismində məhkəməyə çağırılan restoranın sahibəsi Şahzeynəb Rüstəmova xəstəxanada müalicə olunduğundan prosesə gələ bilməyəcək.
Proses oktyabrın 9-da davam etdiriləcək.
Qeyd edək ki, E. Milli və A. Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər.