Fontu böyüt:
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə jurnalist-tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib.
RİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə Milli Məclisin İnformasiya Məsələləri üzrə Sektor müdiri Rəşad Əzizov Elektron hüquq mövzusunda, İnfotex təşkilatının rəhbəri Firudun Əhmədov İKT və Azərbaycan dili ilə bağlı problemlər mövzularında jurnalistlər qarşısında çıxış ediblər. Onların təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “İnformasiya cəmiyyətində insan hüquqlarının spesifik xüsusiyyətləri”, “İnformasiya təhlükəsizliyi”, “İnternet Jurnalistika” və s. mövzularda məşğələlər təşkil olunacaq.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davam edir.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az