Fontu böyüt:
AIF təəssüflə bildirir ki, dünən axşamdan etibarən ölkənin ən tanınmış internet resursu olan rusdilli Day.az və onun ingilis dilli versiyası today.az informasiya resurslarının fəaliyyəti dayandırılıb.
Day.az –ın təmsilçilərinə istinadən bu gün saat 16-dək İnternet vasitəsilə saytın bağlanması ilə bağlı səbəblərin araşdırılması haqqında məlumatlar yayılıb.
Saat 16-dan etibarən həmin mənbələrə istinadən ümumiyyətlə bu Layihənin bağlandığı bildirilib.
AİF eyni zamanda elan edir ki, bu gündən etibarən Azərbaycan İnternet məkanının əsas milli domen bazasından ( Whois.az-dan) day.az domeninin məlumatları silinib.
Hazırda sanki bu milli internet ünvanının heç kimə mənsub olmamağı haqqına whois.az resursunda məlumat yerləşdirilib.
AIF-ə daxil olan məlumata görə Day.az resursunun qapadılması və milli internet ünvanının – day.az domeninin fəaliyyətinin dayandırılması haqqında heç bir məhkəmə qərarı olmayıb.
Whois.az milli domen məlumat sisteminin və az domeninin hazırda inzibatçılığını həyata keçirən məsul şəxslər AIF-ə bununla bağlı açıqlama vermək istəmədiklərini bildiriblər.
Day.az resursunun sahiblərinin baş vermiş hadisə ilə bağlı açıqlamalar vermək istəmədiklərinə baxmayaraq AİF hər bir halda məhkəmənin qərarı olmadan hər hansı İnformasiya resursunun qapadılmasını qətiyyətlə pisləyir və bunu yolverilməz hesab edir.
AİF bildirir ki, İnternet KİV subyekti olaraq özünü təsdiq edən, regionda ən populyar resurs olan Day.az-ın qapadılması beynəlxalq hüquq normalarının , Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin, KİV haqqında Qanunun 19-cu maddəsinin tələblərinin kobudcasına pozulmasıdır. AİF bildirir ki, baş verənlər son bir neçə ildə Azərbaycan İnternetində nəzərəçarpacaq dərəcədə güclənmən keyfiyyət və kəmiyyət dəyişikliklərinə ciddi zərbə vurur.
AİF bir daha bəyan edir ki, məhkəmənin qərarı olmadan belə addım atılması ciddi qanun pozuntusudur və ölkədə informasiya azadlığına, habelə ifadə azadlığına və internet azadlığına ciddi zərbədir. Bu addım, Azərbaycanın Avropa Şurasına üzv olarkən qəbul edərək ölkədə birbaşa hüquqi qüvvəsi olduğunu bəyan etdiyi Avropa İnsan hüquqları konvensiyasına da zidd addımdır və qərb dəyərlərindən, demokratiyadan uzaqlaşmaq istiqamətində ciddi olaraq yanlış bir addımdır.
xeberler.az/Ellada