Fontu böyüt:
Bu gün Bakıda Regional Rabitə Birliyi nazirlərinin 43-cü iclası keçirilib. İclasda birliyə daxil olan ölkələrdə peyk rabitəsinin inkişafı, rəqəmsal yayımın vəziyyəti, yeni elektron rabitə xidmətləri, poçt xidmətlərinin inkişafı və bu sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. İclasda rouminq xidmətlərinə xüsusi diqqət yetirilib. Azərbaycan tərəfi təklif edib ki, birliyə daxil olan ölkələrdə rouminq tarifləri azaldılsın. Bununla bağlı mobil rabitə operatorlarına təkliflər verildiyini deyən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hesab edir ki, rouminq xidmətlərindən istifadə edənlər gələn ilin əvvəlindən tariflərin endirilməsini hiss edəcək.
Onun sözlərinə görə, hazırda rouminq qiymətləri bazar mühitində tənzimlənir: “Rouminq qiymətlərinin problemi odur ki, bir ölkədən yox, digər ölkədən və mobil operatorlardan da asılıdır. Demək olar ki, bütün ölkələrdə bu qiymətlər dövlət tərəfindən tənzimlənmir. Ona görə də bir qədər əvvəl MDB Hökumət Başçıları Şurasının iclasında da belə qərar çıxarılıb, həmçinin RRB də qərara gəlib ki, bu məsələlərlə məşğul olsun. Çünki RRB-nin mobil operatorlara təsiri böyükdür, həmçinin birliyin nəzdində beynəlxalq operatorların şurası da var”.
Ona görə də nazir hesab edir ki, rouminqlə bağlı məsələləri həll etmək mümkün olacaq: “Ölkələrin də hamısı bu məsələyə çox ciddi yanaşırlar. Biz qərara gəldik ki, RRB-yə daxil olan ölkələri əhatə edən təkliflər veriləcək, operatorlara müəyyən dərəcədə qanun çərçivəsində təzyiqlər ediləcək ki, rouminq qiymətlərini aşağı salsınlar”.