Fontu böyüt:
Kişinyovda (Moldova) MDB ölkələrinin Regional Rabitə Birliyi (RRB) yanında informasiyalaşdırma üzrə Koordinasiya Şurasının 16-cı iclası keçirilib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov təmsil edib.
İclas zamanı Şura üzvləri tərəfindən MDB ölkələrinin informasiyalaşdırma sahəsində əməkdaşlıq strategiyasının yerinə yetirilməsinə dair məlumat dinlənilib. Həmçinin tədbir çərçivəsində RRB-yə üzv-ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, eləcə də informasiya cəmiyyətinin qurulması məqsədilə milli proqramların, layihələrin və yeni texnologiyaların reallaşdırılması və tətbiqi istiqamətində görülmüş işlər haqqında məruzələr təqdim olunub. Şura sözügedən məsələ üzrə üzv-ölkələr arasında təcrübə mübadiləsinin davam etdirilməsini məqsədəuyğun hesab edib.
Bundan başqa, iclasda MDB ölkələrində «elektron hökumətlər» infrastrukturlarının informasiya təhlükəsizliyinin təmin olunması üzrə görülən tədbirlər müzakirə olunub.
Sonda Koordinasiya Şurasının üzvləri İKT sahəsində əməkdaşlığın davam etdirilməsinin, eləcə də RRB-yə üzv-ölkələrdə informasiya cəmiyyətinin qurulması üzrə birgə fəaliyyətin tərtib olunmasının əhəmiyyətini və zəruriliyini vurğulayıb.
mənbə: APA