Fontu böyüt:
BSA (Business Software Alliance) Proqram Təminatı İstehsalçıları Assosiasiyasının dəstəyi ilə "Economist Intelligence" analitik agentliyi "İT sahəsində rəqabətə davamlılıq indeksi-2011" -in nəticələrini dərc edib. 66 ölkənin İT göstəricilərinin müqayisə olunduğu indeksdə Azərbaycan 64-cü yeri tutub. Siyahıda Azərbaycandan sonrakı son iki yeri Əlcəzair və İran paylaşır.
Ölkəmizin bu beynəlxalq indeksdə ötən illərdəki nəticələrinə nəzər salsaq, ən azı, 3 pillə gerilədiyini görərik. Belə ki, sözügedən siyahıda Azərbaycan 2008-ci ildə 63-cü, 2009-cu ildə isə 61-ci yerdə idi.
"İT sahəsində rəqabətə davamlılıq indeksi" əsasən ölkələrin İT sahəsinin inkişafı üçün mühüm olan göstəricilərini müqayisə edir. Bu göstəricilərə ümumi işgüzar mühit, infrastruktur, insan kapitalı, elmi-tədqiqat fəaliyyəti, hüquqi tənzimləmə və sahənin inkişafına dövlət dəstəyi kimi parametrlər daxildir. Siyahıda Azərbaycanda geriləmə müşahidə olunan İT göstəricilər isə biznes mühti və dövlət dəstəyidir.
Siyahıda qonşu ölkələrdən Rusiya 46-cı, Türkiyə 41-ci yerdə qərarlaşıb.Ermənistan və Gürcüstanın İT sahəsinin göstəriciləri isə siyahıda öz əksini tapmayıb. Rusiyanın əldə etdiyi bu ilki nəticə ölkənin media orqanları və mütəxəssisləri tərəfindən təəssüflə qarşılanıb.